Qələbə müjdəli Cəbrayıl
Bu gün Rəşadətli Ordumuzun Zəfərə gedən yolunda ilk qələbə xəbərinin verildiyi Cəbrayıl şəhərinin düşməndən təmizlənməsindən üç il ötür. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonu 2020-ci il oktyabr ayının 4-də Azərbaycanın Müzəffər Ordusu tərəfindən işğaldan azad olunub.
Rayonun işğaldan azad olunmasının təməli hələ 2016-cı ilin 4 günlük Aprel Döyüşlərində qoyulmuşdur. Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdir. Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi, Füzuli-Cəbrayıl magistralına nəzarət etmək imkanı yaratdı ki, bu da ordumuzun gələcəkdə bu istiqamətdə rahat irəliləməsində həlledici rol oynadı. Nəticədə elə Vətən müharibəsinin ilk günündə, yəni 27 sentyabr 2020-ci il tarixdə rayonun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad edildi. Cəbrayıl rayonun işğaldan azad olunması həm də Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaratmış, Ermənistan ordusunun müqavimət potensialını zəiflətməklə bərabər onun əks hücum planlarını da iflasa uğratmışdır. Rayonun Soltanlı və Əmirvarlı yaşayış məntəqələrində düşmənin güclü müdafiə xətlərinin sıradan çıxarılması, Ordumuzun daha geniş coğrafiyada manevr etməsi üçün vacib olan magistral yolun açılmasına və sonrakı günlərdə hücum tempini artırmasına əlverişli şərait yaratdı.
Cəbrayıl rayonunun işğaldan azad olunması ilə Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin körpüsü də işğaldan azad olundu. Xudafərin adi bir körpü deyil, Azərbaycan xalqının milli qürur məsələsi idi. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2020-ci il noyabrın 16-da , yəni müharibənin başa çatmasından bir neçə gün sonra işğaldan azad olunan Cəbrayıl rayonuna səfər edərkən ilk olaraq Xudafərin körpüsündə oldular və cənab Prezident tərəfindən bu körpüdə Azərbaycan bayrağı ucaldıldı. Təbii ki, Cəbrayıl rayonunun işğaldan azad olunması Azərbaycan Ordusunun qəhrəmanlığının və şücaətinin göstəricisidir. Rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusunun “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi də bu igidliyin bariz nümunəsidir. Məhz onların igidliyinin və qəhrəmanlığının göstəricisidir ki, biz artıq rayonlarımızın işğal edildiyi günləri deyil, işğaldan azad olunduğu günləri qeyd edirik.
Bu gün işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad olunmuş ərazilər üzrə təsis edilmiş şəhər günü tezliklə doğma Cəbrayılımızda qeyd olunacaqdır. Cəbrayıllılar inanır ki, yaxın gələcəkdə Cəbrayıl ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək.