Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölməyən şəhid ömrü” adlı kitabın təqdimat mərasimi keçirilib

06 may 2024 | 08:57

    03 may 2024-cü il tarixdə Kürdəmir rayonunda fəaliyyət göstərən Ağdam rayonun 153 nömrəli tam orta məktəbində Vətən müharibəsi şəhidi, əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Əliyev Ziyadxan İbrahim oğlunun həyat və döyüş yoluna həsr edilmiş, şair Abduləziz Xanəhmədoğlunun “Ölməyən şəhid ömrü” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Kürdəmir Rayon İcra Hakimiyyətlərinin məsul əməkdaşları, yazarlar, müharibə əlilləri, veteranlar, şəhid ailələri, ictimaiyyət nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edərək önünə tər güllər qoyub və ehtiramlarını bildiriblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Təqdimat mərasimində çıxış edənlər ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş Azərbaycan oğullarının qəhrəmanlıq dolu həyat hekayələrinin böyüməkdə olan gənclərə bir örnək olduğunu söyləyərək, bu mövzuda qələmə alınan əsərlərin əhəmiyyətindən danışıblar. Kitabın müəllifi A.Xanəhmədoğlu Vətən müharibəsinin qəhrəman şəhidi Ziyadxan Əliyevə və onun ailəsinə yaxından bələd olduğunu, şəhidi yalnız döyüş şücaəti ilə deyil, ailə qayğıları, təhsil illəri dövründən tanıdığını və poemanı bu xatirələr əsasında qələmə aldığını qeyd edib.
    Şəhidin ailə üzvləri Ziyadxan Əliyevlə bağlı xatirələrini bölüşərək, müəllifə, tədbirin təşkil olunmasında əməyi olan hər kəsə və qonaqlara təşəkkür ediblər.
Tədbirin sonunda məktəbin şagirdlərinin ifasında poemadan hazırlanmış kompozisiya dinlənilib və A.Xanəhmədoğlunun müəllifi olduğu “Ölməyən şəhid ömrü” kitabı qonaqlara hədiyyə olunub.

Keçidlər