Şriftin ölçüsü :

Saytın rəngi :

Od çərşənbəniz mübarək!

28 fevral 2023 | 09:26

    Bu gün İlaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsidir. İnanclara görə, odu Günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər. Bu çərşənbədə odun şəninə şənliklər təşkil edilir. İnanca görə, bu gün insanlar tonqal qalayıb, onun üzərindən tullanmaqla bütün azar-bezarlarını yandırmış olurlar. Boz ay bu çərşənbə ilə ömrünün tam yarısını başa vurur və təbiətin diriləcəyi günü daha da yaxınlaşdırır. Od çərşənbəsində tonqallar daha gur qalanır. Qədim dövrlərdə Od çərşənbəsində tonqalı hündür yerdə - dağ, təpə başında qalayar, bütün el həmin tonqalın başına yığışar, qız-gəlin odun şərəfinə nəğmələr söyləyərmişlər. Od çərşənbəsində qonum-qonşu yasda olan ailənin həyətində tonqal çatar, bununla da o ailəni yasdan çıxararmışlar.
    Bu çərşənbədə bayram tonqalını həyətin girişində qalayırlar ki, həyətə keçən özü ilə ağırlıq, pis niyyət gətirməsin. Hamısı elə həyətin girişində yansın. Ulu babalarımız Od çərşənbəsində sübh tezdən Günəşə qurban apararmışlar. İnanca görə, Günəşi nə qədər əzizləsələr, qarşıdakı il bir o qədər xoş keçər, təbiət bir o qədər dirilərmiş. Həm bədii ədəbiyyatımızda, həm də nağıllarımızda, məişətimizdə od xilaskarlıq rəmzi kimi də verilir. Hətta bunu Dədə Qorqud dastanında görmək mümkündür.
Od Günəşin rəmzi olması ilə yanaşı, həm də xalqımızın and yeri olmuşdur. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Od çərşənbəsi ilə bağlı müxtəlif adlar qoyulub. Onlardan biri də “Üskü çərşənbə”dir. “Üskü” çərşənbə əslində təmizliklə bağlıdır. İnsanlar əski-üskü yandırmaqla qada-balanı yox edər, tonqalın üstündən atlanmaqla çətinliklərdən xilas olarlar.
    Oda sevgi, inam insanlarda o qədər güclü olub ki, hələ qədim dövrlərdən ona and içiblər. Alqış və qarğışlarda belə odu köməyə çağırıblar. Məsələn, “Od haqqı”, “Oda düşəsən”, “Ocağın odlu olsun”. Od çərşənbəsində açılan süfrə də zəngin olmalıdır. Novruz çərşənbələri insanın dörd ünsürdən yaradılması haqqında dini mifik görüşləri simvollaşdırır. Bir çox xalqlarda olduğu kimi, bizdə də od müqəddəs hesab edilib. İşığın, Günəşin bir simvolu kimi qəbul olunub. Məsələn, bayramda bişirilən sarı rəngli qoğal Günəşi rəmzi şəkildə ifadə edir. Yəni istilik olmadan həyat mümkün deyil. Susuz, odsuz, havasız və torpaqsız həyat yarana bilməz. Gələn həftə Yel (hava) çərşənbəsini qarşılayacağıq. Həyat yellə davam edəcək və ən sonda torpaq (Torpaq çərşənbəsi) yaranacaq. Bütün bu dörd komponent bir-biri ilə birləşməsə həyatın yaradılışı mümkün deyil.
    Od çərşənbəsində insanlar bir-birinə qonaq gedər. Həmçinin bu çərşənbə axşamında hər bir ailə çalışır ki, evində bayram yeməkləri bişirilsin, süfrə açılsın, xonça bəzənsin, şamlar yandırılsın. Şam istiliyin, odun, işığın qorunub saxlanması, səadətin rəmzidir. Ona görə də hər kəs Od çərşənbəsini şad, şən və bolluq içində keçirməyə can atır.
    Od çərşənbəniz mübarək olsun!

Keçidlər