Novruz bayramınız mübarək
Hörmətli həmvətənlər!
Əziz Cəbrayıllılar!
Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və xoş əhval-ruhiyyə arzulayıram. Novruz ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən qədim el bayramıdır. Milli – mənəvi dəyərlərimizə sadiq olan xalqımız öz adət-ənənələrini həssaslıqla qoruyub saxlayaraq, nəsildən-nəslə ötürür.
Təbiətin oyanması və yeniləşməsinin rəmzi olan Novruz bayramı insanları bir araya gətirir, qarşılıqlı hörməti gücləndirir, ruhən yeniliyə, mənəvi-əxlaqi saflığa, xeyirxahlığa səsləyir, cəmiyyətimizdə birlik və həmrəyliyi daha da gücləndirən dəyərləri özündə birləşdirir.
Milli-mənəvi dəyərlərimizə bizi daha da yaxınlaşdıran bu bayram günlərində dövlətimizin davamlı inkişafı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunur. İşğaldan azad edilmiş ərazilərdə bayram tonqalları alovlanır, şanlı bayrağımız qürurla dalğalanır. Ali Baş Komandanın rəhbərliyi altında minlərlə yurddaşımız uzun illərdən sonra bu gözəl bayramları tarixi torpaqlarında, doğma yurd-yuvalarında qeyd edirlər.
Arzu edirəm ki, Novruzun yenilənmə ruhu hər bir ocağa sevinc, ruzi-bərəkət, firavanlıq və xoşbəxtlik gətirsin, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməsin, xoş ovqat, sülh və əmin-amanlıq dolu gələcək bəxş etsin.
Bayramınız mübarək olsun!
Kamal Həsənov
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı
19 mart 2026-cı il






