Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibətilə təbrik

19 mart 2024 | 17:15

    Hörmətli həmvətənlər!
    Əziz cəbrayıllılar!

    Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, can sağlığı və səadət arzulayıram.
    Novruz ulu babalarımızın zəngin mənəvi aləmini dolğun təcəssüm etdirən, xalqımızın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramlarımızdandır. Bu bayram təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsidir. Odlar diyarı olan ölkəmizə onun hər gəlişi min illərin ənənəsinə uyğun, rəngarəng mərasimlər və el şənlikləri ilə müşayiət olunur. Novruz ənənələri xalqımızın dünya mədəniyyətinə verdiyi misilsiz töhfələrdəndir.
    Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də xalqımız tərəfindən sevilir və uca tutulur. Birlik, həmrəylik, mehribanlıq, qardaşlıq rəmzi olan Novruz gəlişi ilə insanlarda ülvi duyğular oyadır, hər kəsə sonsuz sevinc və fərəh bəxş edir, gələcəyə inam hissi aşılayır, soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında daha da sıx birləşməsinə kömək edir, Vətənə bağlılıq hisslərini gücləndirir. Onun gəlişi ilə hər yerdə bir oyanış, yeniləşmə, təzəlik hiss olunur.
    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında, şəhidlərimizin qanı bahasına əldə etdiyimiz Zəfərimizin sayəsində Novruz doğma Vətən torpaqlarına qayıdıb. Bu gün ölkəmizin hər bir guşəsində, eləcə də qədim yurd yerimiz olan Qarabağda, Şərqi Zəngəzurda da tonqallar qalanır, doğma yurdumuzdan baharın ətri gəlir. Otuz ildən çox erməni işğalçılarının əsarətində olmuş bu ərazilər indi nəhəng quruculuq, dirçəliş meydanına çevrilib, bütün sosial infrastruktur yenidən qurulur, insanlarımızın rifahını əsaslı surətdə yaxşılaşdıran çoxsaylı layihələr həyata keçirilir. Artıq bu ildən sakinlərimizin də doğma ata-baba yurdlarına qayıdışına start veriləcək. Cəbrayıllılar da qayıdışları ilə yurdumuza yeni nəfəs, yeni həyat bəxş edəcək, uzun illərdən sonra milli dəyərlərimiz olan bayramlarımızı öz doğma ocaqlarında keçirəcək, adət-ənənələrimizi keçmişdə olduğu kimi yaşadacaqlar.
    Qoy bu bayram öz gəlişi ilə ürəklərdə saf niyyətlər, xoş duyğular oyatsın, evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin! Sülh, əmin-amanlıq, Zəfər əbədi        Azərbaycanımızla, böyük Türk dünyası ilə olsun!
    Novruz bayramınız mübarək olsun!

    Dərin hörmətlə,

    Kamal Həsənov
    Cəbrayıl rayon icra hakimiyyətinin başçısı

    19 mart 2024-cü il

 

Keçidlər