Növbəti səyyar qəbul Nərimanov rayonunda keçirilib
Rayon sakinlərinin qarşılaşdıqları problemlərin yerində öyrənilməsi və operativ şəkildə həll olunması məqsədilə 27 oktyabr 2026-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən Cəbrayıl rayon İcra hakimiyyətinin qərargahında Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun növbəti səyyar qəbulu keçirilib. Səyyar qəbulda RİH başçısı aparatının, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və rayon sakinləri iştirak ediblər.
Rayon rəhbəri cənab Prezident İlham Əliyevin ölkənin daxili və xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən geniş söhbət açıb.
Qəbulda sakinlərin qarşılaşdıqları müxtəlif xarakterli problemlərlə bağlı müraciətləri, rəy və təklifləri fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin mahiyyəti üzrə onlara geniş izahatlar verilib.
İcra başçısı sakinlər tərəfindən səsləndirilən hər bir müraciətin mövcud qanunvericiliyin tələblərinə uyğun, operativ şəkildə həlli üçün tapşırıqlar verib. İcrası zaman tələb edən məsələlər isə xüsusi nəzarətə götürülərək qeydiyyata alınıb.






