Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Hacıqabul rayonu, Qızılburun yaşayış massivində salınmış köçkün qəsəbəsində keçirilib

16 noyabr 2023 | 16:51

    Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti səyyar qəbulu 16 noyabr 2023-cü il tarixdə Hacıqabul rayonu, Qızılburun yaşayış massivində salınmış köçkün qəsəbəsində keçirib. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
    Səyyar qəbulda rayon İcra Hakimiyyətinin başçısı işğaldan azad edilmiş ərazilərdə məskunlaşmanın təmin edilməsi və əhalinin köçə hazırlanması ilə bağlı geniş çıxış edərək bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. İşğal dövründə şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır.
    Qeyd olunub ki, məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə, Laçın və Füzuli şəhərlərinə məcburi köçkünlərin qayıdışı təmin olunmuşdur və bu istiqamətdə işlər davam etdirilir. Gələn ildən Cəbrayıl şəhərinə də məcburi köçkünlərin köçürülməsinə başlanılacaq.
    Səyyar qəbulda iştirak edən rayon sakinləri onları narahat edən məsələlərdən danışıblar. Rayon rəhbəri vətəndaşları dinləyərək səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. İcra hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.

 

Keçidlər