Növbəti səyyar qəbul 11 saylı Cəbrayıl qəsəbəsində keçirilib
09 yanvar 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 11 saylı Cəbrayıl qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirib. Səyyar qəbulda İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması və qaldırılan məsələlərin həllinə nail olunmasıdır. Rayon rəhbəri ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə qəsəbə sakinlərinə ətraflı məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciətləri dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına rayon rəhbəri tərəfindən göstərişlər verilib, araşdırılmasına ehtiyac olan məsələlər isə nəzarətə götürülüb.
Qəsəbə sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.