Növbəti səyyar görüş Sumqayıt şəhərində məskunlaşan rayon sakinləri ilə keçirilib
12 mart 2024-cü il tarixdə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən rayonun Süleymanlı kənd tam orta məktəbində rayon sakinləri ilə səyyar qəbul-görüş keçirib. Görüşdə icra başçısı ilə yanaşı aparatın məsul əməkdaşları və ərazidə məskunlaşan rayon sakinləri iştirak ediblər.
Səyyar görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Rayon rəhbəri Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edib. Dövlət başçısı tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib.
İcra başçısı qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.
Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.