Milli Mətbuat Günü münasibətilə təbrik
Dəyərli mətbuat işçiləri!
Bu gün Azərbaycan Milli mətbuatının yaranmasından 150 il ötür. Dövrünün dahi mütəfəkkiri Həsən bəy Zərdabinin təşkilatçılığı ilə 1875-ci ilin 22 iyulunda Azərbaycanın ilk mətbu orqanı olan “Əkinçi” qəzetinin nəşri ölkəmizin milli mətbuatının əsasını qoyub.
Zəngin və şərəfli inkişaf yolu keçən Azərbaycan mətbuatı milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə böyük töhfəsini verib. Ümummilli lider Heydər Əliyevin müstəqil mətbuatın inkişafında həyata keçirdiyi dövlət qayğısı bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır. Ölkəmizin informasiya suverenliyinin qorunması və milli maraqların müdafiəsində medianın rolu son illər daha da artmışdır. Bu baxımdan bu il Şuşada keçirilən Qlobal Media Forumu Azərbaycanın dünya mediası ilə əlaqələrinin genişlənməsində və informasiya təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük əməyi olan mətbuat işçilərini bu əlamətdar gün münasibətilə təbrik edir, xüsusi fədakarlıq tələb edən məsuliyyətli və son dərəcə şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.
Cəbrayıl Rayon İcra Hakimiyyəti






