Şriftin ölçüsü :

Saytın rəngi :

Mənim dilim – mənim kimliyimdir

20 fevral 2025 | 17:22

    Deyirlər ki, dünyadakı müxtəlif dillər dünyadakı mədəniyyətlərin ifadəsidir. Dil məhv olarsa onlarla birlikdə bütöv bir mədəniyyət də məhv olur. Bu mühüm və əhəmiyyətli amili nəzərə alan UNESCO 1999-cu ildə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib və 2000-ci ildən bütün dünyada Ana dilinin təntənəsi, bayramı kimi qeyd olunur. Bəşəriyyətin əvəzsiz sərvəti olan dil müxtəlifliyinin və çoxdilliliyin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü bütün dünya dövlətlərində olduğu kimi ölkəmizdə də geniş şəkildə qeyd olunur.
    Altay dilləri ailəsinin türk qoluna daxil olan ana dilimiz böyük inkişaf yolu keçmiş qədim dillərdən biridir. Ana dilimizdə yaradılmış qiymətli ədəbi abidə olan xalqımızın “ana abidəsi-Kitabi-Dədə Qorqud" dastanlarının dili ədəbi dilin şifahi növü kimi qəbul edilərsə, dilimizin yaşı "Kitabi-Dədə Qorqud" dastanından da qədimdir. Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil Həsənoğludan başlayaraq böyük söz ustadlarımız İmadəddin Qazi Bürhanəddin, Nəsimi, Məhəmməd Füzuli Şah İsmayıl Xətayi, kimi ərən babaların vətən sevgisi ilə yaşayıb varlığını sürdürmüş, əsrlərə sinə gərərək ədəbi dil səviyyəsində inkişaf etmişdir. Vaxtilə Ön Asiyada ədəbi dil rolunu oynayan ana dilimiz Sonralar Vaqifin, Vidadinin, Zakirin, Nəbatinin, Aşıq Ələsgərin, Mirzə Cəlilin, Sabirin, Cavidin və başqalarının milli ruhu ilə bizlərə miras qoyulmuşdur.
    Tanınmış Çin filosofu Konfutsidən soruşurlar: “Hakimiyyətə gəlsəydiniz ilk işiniz nə olardı?” Filosof belə deyir: “İlk əvvəl dili düzənə və dissiplinə qoyardım! …heç bir şey dil qədər vacib deyil”. Dilə verilən bu qədər dəyərdəndir ki, fransızlar 1789-cu ildə çevriliş edərək hər şeyi dəyişdirə bildilər, bircə dildən başqa. Əgər düşünsək ki, bu gün sahib olduğumuz bu böyük milli varlığın yaşı min illərlə ölçülür, deməli, hər sözümüz, hər kəlməmiz bir tarix deməkdir. Kömür almaz olana, qızıl qızıl olana qədər torpağın altında min illərlə bişir. Bizim hər sözümüz, hər kəlməmiz də belədir.
    Sevindirici haldır ki, tarixi minilliklərin sınağından, hakim rejimlərin işğalından, yadelli təcavüzlərin təzyiqindən, yabançı dəblərin axınından, müxtəlif dillərin təsirindən qalib çıxan Azərbaycan dili indi dünyanın ən zəngin dilləri sırasındadır. Fəxarətlə deyə bilərik ki, bu gün ana dilimiz müstəqil, müasir Azərbaycan Respublikasının dövlət dilidir, xalqımızın varlığının təsdiqidir, tariximizin daşıyıcısıdır, milli kimliyidir, bizimlə əcdadlarımız, onların yaratdıqları milli mənəvi dəyərlər arasında rabitədir, bizi gələcək nəsillərimizlə bağlayan əsas iplərdən biridir, ən böyük mənəvi sərvətimizdir, milli ruhumuzun bərqərar olduğu milli dəyərimiz, sehrimiz, sirrimiz, mövcudluğumuzdur. Ana dili sadəcə anadan öyrəndiyimiz dil deyil, həm də düşüncələrimizin, duyğularımızın və mənliyimizin dilidir. Dil yalnız ünsiyyət yaratmır, mədəniyyətləri, xasiyyətləri, tarixi, insani keyfiyyətləri və soykökü təyin edir.
Möcüzədir ana dilim, qəlbə yatandır, sərhədləri aşandır, Ölkələri dolaşandır, ürəklərdə yaşayandır, sirdaşımdır ana dilim, anaların laylasıdır,Şəhidlərin ölməzliyidir, igidlərin nərəsidir, çobanların tütək səsidir, bulaqların zümzüməsidir, tarixlərin yaddaşıdır, Nizaminin xəmsəsidir, Xanın muğamıdır, Üzeyirin notlarıdır. Həmişə fəxr etdiyim almaz dözümlü qədim dilim, Qılınc kimi kəsən dilim, dostun ruhunu oxşayan, düşmənin gözünə ox kimi batan dilim, hər an mənə sirdaş olan ana dilim.
    Ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan dilinin hərtərəfli inkişafı, zənginləşməsi, diplomatik aləmə yol açması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrildi. Dilimizin dövlət dili qazanmasından tutmuş onun inkişafı üçün geniş imkanlar yaradan böyük şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Ölkə başçısının 2004, 2013 və 2018-ci illərdə verdiyi tarixi fərmalar ana dilimizin saflığı və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür.
    Azərbaycanda elmin, təhsilin elə bir sahəsi yoxdur ki, dövlət dilinin işlənməsi və fəaliyyəti konkret maddələr əsasında öz əksini tapmamış olsun. Müasir dövrdə Azərbaycan dili elə bir inkişaf mərhələsinə çatmışdır ki, elmi-texniki inkişaf nəticəsində yaranmış müxtəlif fikirləri, sözləri, anlayışları, xüsusi elmi və texniki terminləri çox asanlıqla ifadə etmək olar. Bu da onu göstərir ki, Azərbaycan dili ictimai, siyasi, mədəni inkişafla bağlı olaraq tərəqqi edir, onun publisist, bədii, elmi və siyasi üslubları daha da inkişaf edir və zənginləşir. Elə bunun nəticəsidir ki, Bu gün Azərbaycan dili ən yüksək səviyyədə siyasi, iqtisadi və mədəni tribunalardan eşidilir. Bu gün Azərbaycan dili siyasi müzakirələr, mədəni yığıncaqlar, elmi simpoziumlar dilidir. Fəxr edə bilərik ki, son dövrlərin ən böyük dövlətlərarası razılaşmaları bu dildə aparılmış, əsrin müqavilələri bu dildə yazılmışdır. İndi bu dildə ən çətin və mürəkkəb fikirləri ifadə etmək, ən yüksək elmi əsərləri başqa dildən tərcümə etmək mümkündür.
    Əgər nəzərə alsaq ki, bu gün planetimizdə yaşayan minlərlə millət və etnik qrup sayı heç iki yüzə çatmayan dövlətlərin bayrağı altında cəmləşib və sayı 200-ə yaxın olan bu dövlətlərin rəsmi dövlət dillərinin sayı 70-i keçmir, onda hər hansı bir millətin öz dilinin öz dövlətində dövlət dili olmasının əhəmiyyətini dərk etmək o qədər də çətin olmaz. Bu mənada, dilin dövlət dili statusu qazanması, həqiqətən, qürur doğuran tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşayıb.
    Müasir dünyanın aktual olan çağırışları sırasında ana dilimizin – Azərbaycan dilinin saflığını qorumaq hər bir azərbaycanlının müqəddəs və mənəvi borcudur. Çünki, əsrlərin qan yaddaşı, daş yaddaşı olan, heç bir dilin təsirində əriməyən, şirinliyini, axıcılığını, lətafətini, incəliyini, ecazkarligini,anlaşıqlılığını itirməyən, illər, əsrlər keçdikcə daha da cilalaşan və öz layiqli qiymətini alan ana dilimiz bu gün dünyada yaşayan 50 milyondan çox Azərbaycan xalqını bir ideya, bir məslək, bir vətən ətrafında birləşdirən ən etibarlı vasitədir, milli varlığımızdır. Gəlin hamılıqla bu varlığı qoruyaq və yaşadaq.

                                                                                            Böyük-böyük salonlardan,
                                                                                            Sən danışıb, dinən zaman,
                                                                                            Arzularım açır çiçək,
                                                                                            Gözlərimdə gülür cahan,
                                                                                            Ana dilim, Ana dilim.

Keçidlər