Mehdi Mehdizadə-121
Bu gün pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai və dövlət xadimi, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, akademik Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor, Azərbaycan maarifinə 20 ildən çox yüksək bacarıq və böyük fədakarlıqıa rəhbərlik etmiş Mehdi Mehdizadənin anadan olmasının 121 ili tamam olur
O, 1903-cü il yanvar ayının 5-də Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub. 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) və bir müddət müəllim kimi pedaqoji fəaliyyətlə məşğul olub. 1941-ci ildə namizədlik, 1956-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunda və digər sahələrdə müxtəlif vəzifələrdə çalışmış Mehdi Mehdizadə 1961-ci ildə respublikanın xalq maarifi naziri seçilərək səmərəli fəaliyyət göstərib.
Görkəmli alim Mehdi Mehdizadənin təhsilimizin, elmimizin inkişafında mühüm rolu olub. Müəllimliklə alimlik onun şəxsiyyətində daim vəhdətdə olub, bir-birini tamamlayıb. Akademik Mehdi Mehdizadə təhsil idarəçiliyi sahəsində əsl məktəb yaradıb. Böyük pedaqoqun yaratdığı həmin məktəb bu gün də öz əhəmiyyətini itirməyib.
Akademik Mehdi Mehdizadə 1 may 1984-cü ildə Bakı şəhərində vəfat etmiş, İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Nümunəvi həyat yolu keçmiş bu böyük şəxsiyyətin adı bu gün də ölkəmizin təhsil ictimaiyyəti arasında fərəhlə, iftixarla xatırlanır, dərin hörmətlə anılır.
Hazırda Cəbrayıl şəhər tam orta məktəbi onun adını daşıyır