Korrupsiyaya qarşı susmayaq!
İstənilən sahədə inkişafa mane olan faktorlardan hesab olunan korrupsiyaya dünyanı narahat edən əsas problemlərdən biridir. Korrupsiyanın mövcudluğu ilk növbədə ümumbəşəri və milli dəyərləri sarsıdır, hüquqi dövlət quruculuğuna mane olur, iqtisadi və sosial inkişafı buxovlayır, cəmiyyətin ehtiyatlarından səmərəsiz istifadə edilməsinə şərait yaradır, aztəminatlı insanlara ziyan vurur. Korrupsiya cəmiyyətin ayrı-ayrı strukturlarının həyatını nizamlayan əsas vasitəyə çevrilməklə qanunu, hüququ nüfuzdan salır. Demokratiya yolunu seçmiş hər bir ölkə bu bəla ilə mübarizə aparır. Azərbaycanda da “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun mövcuddur, müvafiq proqramlar, qanunvericilik aktları qəbul edilib. Ən başlıcası isə Azərbaycanın dövləti başçısı, Prezident İlham Əliyevin bu neqativ təzahür ilə çox kəskin mübarizə əzminin olmasıdır. 2003-cü ildən Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı vaxtdan siyasi xəttində ölkənin ictimai, dövlət həyatının bütün sahələrində şəffaflığın təmin edilməsi, demokratik vətəndaş cəmiyyəti quruculuğu, qanunçuluq rejiminin yaradılması, o cümlədən korrupsiya və digər bu kimi neqativ hallar ilə barışmaz mübarizə əsas istiqamətləri təşkil etmişdir. Prezident dövlət məmurları ilə bütün görüşlərində bu sahədə ciddi islahatların aparılmasının vacibliyini vurğulamış, eyni zamanda bu neqativ fəaliyyət ilə barışmaz mövqeyini sərgiləmişdir.
İndiyədək ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006), Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı (2007-2011) “Açıq Hökumətin təşviqinə dair 2012–2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012–2015-ci illər üçün Milli Fəaliyyət Planı”, “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq olunub.
Bu istiqamətdə tədbirlərin davamı olaraq dövlət başçısının 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-ci illər üçün Milli Fəaliyyət Planı” da təsdiq edilib.
Qeyd edək ki, korrupsiyaya qarşı mübarizə yalnız dövlət orqanlarının deyil, bütün cəmiyyətin və hər bir vətəndaşın ortaq məsuliyyətidir.
Gəlin Korrupsiya qarşı susmayaq, birgə mübarizə aparaq!






