Şriftin ölçüsü :

Saytın rəngi :

Korrupsiyaya qarşı birgə mübarizə aparaq!

19 noyabr 2024 | 14:26

    Korrupsiya cəmiyyətin hər bir sahəsində inkişafa mane olan əsas faktorlardan biri kimi cəmiyyətin mütərəqqi inkişafına mənfi təsir göstərir, iqtisadi və sosial tərəqqiyə ciddi təhlükə yaradır, insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarır. Korrupsiyanın mövcud olması milli və ümumbəşəri dəyərlərə xələl gətirməklə yanaşı, demokratik və hüquqi dövlət strukturuna zərbə vurur. Korrupsiya halları dürüstlük, ədalət dəyərlərinə ziddir və zamanla sosial inamı azaldır, cəmiyyətin rifahını təhdid edir, sosial-iqtisadi inkişafa mane olan cinayət əməli kimi qiymətləndirilir.
    Dünyanın demək olar ki, bütün ölkələrində korrupsiya halları mövcuddur. Ona görə də beynəlxalq səviyyədə korrupsiya ilə mübarizənin gücləndirilməsi məsələlərinə BMT, Avropa Şurası kimi təşkilatlar da xüsusi diqqət yetirir. 1996-cı ildə Avropa Şurası tərəfindən korrupsiya ilə mübarizə üzrə fəaliyyət proqramı qəbul edilib. Beynəlxalq səviyyədə qəbul edilmiş sənədlər sırasında 27 yanvar 1999-cu il tarixli Korrupsiyaya görə cinayət məsuliyyəti haqqında Konvensiya və 4 noyabr 1999-cu il tarixli Korrupsiyaya qarşı mülki-hüquqi məsuliyyət haqqında Konvensiya xüsusi əhəmiyyət kəsb edir.
    Ölkəmizdə də korrupsiyanın yayılmasının qarşısının alınması və hüquqpozmaların aradan qaldırılması dövlətin bu yöndə həyata keçirdiyi tədbirlərin başlıca istiqamətlərindəndir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizə məsələlərinə xüsusi diqqət yetirmiş və bu istiqamətdə müsbət nəticələrə nail olmuşdur. Belə ki, 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev hüquq qaydalarını möhkəmlətməklə, məmurların məsuliyyətini yüksəltməklə, ictimai və hüquqi nəzarəti artırmaqla, sosial problemləri həll etmək istiqamətində həyata keçirdiyi tədbirlərlə korrupsiyanı doğuran elementlərin qarşısını almağa başladı. Ulu öndər korrupsiyanı təhlükəli sosial bəla adlandırırdı və ona qarşı ümumxalq mübarizəsi elan etmişdir. Bu mübarizənin səmərəliliyinə nail olmaq üçün zəruri təsisatlar yaradılmış, qanunlar qəbul edilmiş, respublikamız insan hüquq və azadlıqlarının qorunması sahəsində 40-dan çox beynəlxalq konvensiyaya qoşulmuşdur. Bu gün isə həmin mübarizə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə daha qətiyyətlə aparılır. Prezident cənab İlham Əliyev hər zaman çıxışlarında ölkəmizin iqtisadi inkişafına maneə ola bilən bütün neqativ halların aradan qaldırılmasının, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin vacibliyini bildirib. “Əlbəttə ki, cəza tədbirləri də olmalıdır, hüquq-mühafizə orqanları da bu istiqamətdə öz fəaliyyətlərini davam etdirməlidirlər. İnzibati tədbirlər də görülür və görüləcəkdir. Ancaq institusional tədbirlərin genişlənməsi, tətbiqi, sistem xarakterli islahatların aparılması və davam etdirilməsi, hesab edirəm ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da yaxşı imkan yaradacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb və 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planının bu istiqamətdə əsas hədəfləri dövlət strukturunda idarəetmə mexanizmlərinin inkişafı, özəl sektorda beynəlxalq standartlar çərçivəsində anti-korrupsiya mühitinin formalaşdırılması, qanunvericilik bazasının mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsinin təmin edilməsidir. Həmçinin, Milli Fəaliyyət Planı ayrı-ayrı fəaliyyət istiqamətli qurumları korrupsiyaya qarşı mübarizə üsullarını birləşdirməyə xidmət edir.
    Qeyd edək ki, respublikamızda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşmış qurumlar fəaliyyət göstərirlər. Bu qurumlar korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşmasında, cinayət təqibinin və preventiv tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.
    Beləliklə, korrupsiyaya qarşı mübarizə ilə bağlı ölkəmizdə məqsədyönlü tədbirlər intensiv xarakter alıb, bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. İlk növbədə, dövlət orqanlarında korrupsiya əleyhinə mübarizə gücləndirilib, neqativ halların vaxtında aşkarlanması üçün nəzarət mexanizmi təkmilləşdirilib, “qaynar xətt” sistemi yaradılıb. Lakin korrupsiya və rüşvətxorluğun tamamilə aradan qaldırılması üçün vətəndaşların bu işdə dövlətlə həmrəylik nümayiş etdirməsi mühüm amillərdən biridir.
Şübhəsiz ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin istənilən effekti verməsi, yaxud əldə olunan nəticələrin davamlılığı ictimaiyyətin dəstəyi olmadan mümkün deyil. Çünki neqativ halların baş verməsində cəmiyyətin də üzərinə müəyyən məsuliyyət düşür və bu səbəbdən də vətəndaşlar sözügedən məsələdə öz qəti mövqeyini ortaya qoymalı, hüquq və vəzifələrini bilməli, neqativ hallarla mübarizədə ictimai nəzarət funksiyasını yerinə yetirməlidirlər.
    Əziz dost unutma ki, cəmiyyət olaraq bu və ya digər formada korrupsiya hallarına qarşı birgə mübarizə aparmalıyıq!

Keçidlər