“Korrupsiyaya birgə yox deyək” mövzusunda videokonfrans keçirilib
28 mart 2023-cü il tarixdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının 6.9-cu yarımbəndinin icrası məqsədi ilə “Korrupsiyaya birgə yox deyək” mövzusunda videokonfrans keçirilib. Onlayn formatda keçirilən tədbirdə Cəbrayıl rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə və müəssisə rəhbərləri, ictimai şuranın üzvləri və media nümayəndələri iştirak ediblər.
Tədbirdə korrupsiyanın cəmiyyətin hər bir sahəsində inkişafı əhəmiyyətli dərəcədə zəiflədən, idarəçiliyin səmərəliliyinə zərbə vuran, hüquq və azadlıqlarının pozulmasına gətirib çıxaran, qanunun aliliyinə təhlükə yaradan, əlverişli biznes mühitinin yaranmasına mane olan və digər mənfi təzahürlərə yol açan ciddi sosial bəla olduğu qeyd edilmişdir.
Çıxış edənlər antikorrupsiya davranış modelinin formalaşdırılması və cəmiyyətdə məlumatlılığın artırılmasında medianın rolundan bəhs etdilər. Bildirildi ki, korrupsiyaya qarşı mübarizəyə dair müxtəlif illərdə qəbul olunmuş proqramların səmərəli tətbiqi və elektron xidmətlərdən istifadənin təşviqi nəticəsində dövlət qurumlarının fəaliyyətində şəffaflığa və vətəndaş məmnunluğunun artırılmasına nail olunmuşdur. Dövlət qurumları tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində aparılan maarifləndirici tədbirlərdə media və vətəndaş cəmiyyəti institutları nümayəndələrinin iştirakına şərait yaradılması və bu barədə öz internet və sosial şəbəkə səhifələrində işıqlandırılmasının vacibliyi qeyd olunmuşdur. Həmçinin tədbirdə Rayon icra hakimiyyətinin “Rəqəmsal İcra Hakimiyyəti” portalı vasitəsilə göstərdiyi elektron xidmətlərin üstünlükləri barədə vətəndaşların mütəmadi məlumatlandırılması barədə inzibati ərazi dairəsi üzrə nümayəndələrə müvafiq tapşırıq və tövsiyələr verilmişdir.
Tədbirin sonunda korrupsiyaya qarşı mübarizəyə dair videoçarx nümayiş etdirilmişdir.