Kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı təlim keçirilmişdir
15 iyul 2025 | 12:29
14 iyul 2025 - ci il tarixində Cəbrayıl Rayon İcra Hakimiyyətində 15 iyuldan 15 avqusta kimi rayonda aparılacaq kənd təsərrüfatının siyahıyaalınmasına cəlb edilmiş təlimçilər və təlimatçı - nəzarətçilər üçün təlimatı müşavirə keçirilmişdir. Müşavirədə kənd təsərrüfatının siyahıyaalınması üzrə rayon Komissiyasının üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndə və müavinlər iştirak etmişdir.
Müşavirəni rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov açaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın 5.1.2.9-cu bəndinə əsasən 2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının növbəti siyahıyaalınmasının keçirilməsi nəzərdə tutulub. Bu Sərəncamın icrası olaraq “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli, 357 nömrəli Qərarı qəbul edilmişdir. Qərara əsasən 2025-ci ilin 15 iyul - 15 avqust tarixlərində keçiriləcək bu tədbirin mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, digər aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmiş və Baş nazirin müavininin sədrliyi ilə İstiqamətləndirici Komitə yaradılmışdır.
Nazirlər Kabinetinin sözügedən Qərarına əsasən siyahıyaalma kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslər tərəfindən siyahıyaalma vərəqələrinin Dövlət Statistika Komitəsinin elektron informasiya sistemində real vaxt rejimində doldurulması yolu ilə, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə isə siyahıyaalmaya cəlb ediləcək şəxslər (sayıcılar) tərəfindən planşet tipli kompüterlərdən istifadə olunmaqla sorğu yolu ilə keçiriləcəkdir.
İcra hakimiyyətinin başçısı dövlət əhəmiyyətli kompaniyanın mütəşəkkil qaydada başa çatdırılması üçün Yardım Komissiyasının üzvlərinə, inzibati ərazi dairələri üzrə nümayəndələrə müvafiq tapşırıqlar verdi, sayıcı və nəzarətçi -təlimatçılara bu məsuliyyətli vəzifənin icrasında uğurlar arzuladı.
Sonra Rayon Statistika idarəsinin baş mühasibi Elnur siyahıyaalma prosesində birbaşa iştirak edəcək şəxslərə təlim keçib. O, texniki mərhələlər, istifadə ediləcək planşetlər və elektron informasiya sistemində məlumatların qeydiyyatı ilə bağlı praktik izahlar verib, sualları cavablandırıb.






