Kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə emalı üzrə müəssisələrin, həmçinin yun və gön-dəri emalı müəssisələrinin yaradılmasının təşviqi ilə bağlı fermerlər maarifləndirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərman və Sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramlarının icrası məqsədi ilə mütəmadi olaraq maarifləndirmə işləri aparılır. Son dövrlər ölkəmizdə kənd təsərrüfatı sahəsində uğurlu islahatlar həyata keçirilir, kənd təsərrüfatı məhsullarının istehsalı üçün dövlət tərəfindən sahibkarlara hər bir şərait yaradılır, maddi-texniki təminatları yaxşılaşdırılır, onlar vergi güzəştləri, subsidiyalar, güzəştli kredit və lizinqdən yararlanırlar. Nəticədə əhalinin məşğulluğu təmin edilir, məhsuldarlıq ildən-ilə daha da yüksəlir.
Məlumat üçün qeyd edək ki, hazırda rayonda şəxsi təsərrüfatlarda 93,7 min başa yaxın xırdabuynuzlu, 10,9 min başa yaxın iribuynuzlu heyvan vardır. Hər il orta hesabla diri çəkidə 2418 ton (kəsilmiş çəkidə 1281 ton) ət, 8915 ton süd, 172 ton yun, 6 milyon ədəddən çox yumurta, 1119,7 ton tərəvəz, 1272,3 ton meyvə istehsal olunur. Müvəqqəti məskunlaşma ilə əlaqədar fermerlər məhsulları ev şəraitində emal edirlər. Məlum olduğu kimi işğaldan azad olunan Cəbrayıl rayonu özünün münbit torpaqları ilə tanınır. Burada kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə istehsalı və emalı, logistikası və satışının həyata keçirilməsi üçün böyük potensial mövcuddur. Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən işğaldan azad edilmiş ərazilərdə dövlət və özəl investisiyalar cəlb edilməklə belə infrastrukturların qurulması nəticəsində kənd təsərrüfatı sahəsinin canlanması prioritet istiqamətlərdən biridir.
Bununla bağlı fermerlərlə maarifləndirici söhbətlər aparılır, kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə emalı sahələrinin yaradılmasının əhəmiyyəti və istehsal olunmuş xammalın son məhsula çevrilməsinin üstünlükləri və iqtisadi səmərəliliyi barədə izahatlar verilir.
İlkin hesablamalara əsasən il ərzində istehsal olunan 2418 ton ətin 380 tonu (təxminən 1100 baş heyvan) əhalimizin daha kompakt məskunlaşdığı Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə olan mövcud kəsim yerlərində kəsilməklə istehlak olunur. Həmin dərilər isə qəsəbədə fəaliyyət göstərən fiziki şəxs tərəfindən tədarük edilərək təmizlənir, aşılanaraq ilkin emal olunur və sənaye üsulu ilə emal müəssisələrinə göndərilir.
Rayon əhalisinin kompakt yaşadığı qəsəbələrdə və yaxın ətrafda şəxsi və fermer təsərrüfatlarında kifayət qədər iri və xırda buynuzlu heyvanların saxlandığı nəzərə alınaraq ərazidə yun və gön-dəri emalı müəsissəsinin yaradılması effektli hesab oluna bilər. Bu istiqamət üzrə sahibkarlıq fəaliyyəti göstərmək istəyində olan fiziki və hüquqi şəxslər aidiyyəti qurumlara layihə təqdim edə bilərlər.