Keçmiş məcburi köçkünlər üçün mina təhlükəsinə dair təlimlər davam edir
14-18 aprel 2025-ci il tarixlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ANAMA Agentliyinin birgə dəstəyi ilə Sabirabad rayonu ərazisində salınmış Şəhriyar və Güdəgühür köçkün qəsəbələrində məskunlaşmış keçmiş məcburi köçkünlər üçün "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina təhlükəsinə dair qapı-qapı formatında təlimlər keçirilib.
Təlim çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Cəbrayıl rayon bölməsinin könüllülərindən ibarət heyət köçkün qəsəbələrində məskunlaşan sakinlərin yaşadıqları mənzillərdə, ümumtəhsil məktəblərində olub, onlara zəruri məlumatlar verib, suallarını cavablandırıblar. Eyni zamanda qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanlar, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri barədə də əhaliyə ətraflı məlumatlar verilib, maarifləndirici broşürlər paylanılıb.
Qeyd edək ki, təlimlərin keçirilməsində məqsəd işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində geri qayıdacaq sakinlər arasında mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı məlumatlılığı artırmaq, mümkün risk faktorunu minimuma endirməkdir.