İcra başçısı növbəti səyyar qəbulu Sabirabad rayonu, Şəhriyar köçkün qəsəbəsində məskunlaşan rayon sakinləri ilə keçirib
14 sentyabr 2023-cü il tarixdə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Sabirabad rayonu, Şəhriyar köçkün qəsəbəsində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Səyyar görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul əməkdaşları və ərazidə məskunlaşan Cəbrayıl rayon sakinləri iştirak ediblər.
Rayon rəhbəri səyyar qəbulda əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Daha sonra İcra başçısı Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edib. Dövlət başçısı tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışan rayon rəhbəri bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib.
İcra başçısı qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb. Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.