İcra başçısı növbəti səyyar qəbulu Bakı şəhəri, Xəzər rayonunda keçirib
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 06 may 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonunda yerləşən Quycaq kənd tam orta məktəbində rayon sakinləri ilə səyyar qəbul keçirib. Səyyar qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
İcra başçısı çıxış edərək bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması və qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır. Rayon rəhbəri ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq, quruculuq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən rayon sakinlərinə ətraflı məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına rayon rəhbəri tərəfindən göstərişlər verilib, araşdırılmasına ehtiyac olan məsələlər nəzarətə götürülüb.
Rayon sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.