İcra başçısı növbəti səyyar görüş-qəbulu Nərimanov rayonunda keçirib
02 dekabr 2024-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qəbul qrafikinə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Bakı şəhəri, Nərimanov rayonunda yerləşən İcra Hakimiyyətinin qərargahında keçirib. Qəbulda İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və ərazidə məskunlaşan rayon sakinləri iştirak ediblər.
Səyyar görüşdə rayon rəhbəri “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində məskunlaşmış ailələrdən ibarət köç karvanlarının yola salınmasından, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən danışıb. Daha sonra İcra başçısı vətəndaşlara göstərilən xidmətlər, sosial yönlü Dövlət Proqramları, insanların rifah halının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərdən də geniş söhbət açıb.
Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilib, həlli vaxt tələb edən məsələlərlə bağlı isə əlaqədar təşkilatlara müraciət ediləcəyi bildirilib. Rayon əhalisi problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.