İcra Başçısı Kürdəmir şəhərində məskunlaşan rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov oktyabr ayı üçün təsdiq olunmuş səyyar görüş-qəbul qrafikinə əsasən 17 oktyabr 2024-cü il tarixdə Kürdəmir şəhəri, 564 ailəlik köçkün şəhərciyində məskunlaşan rayon sakinləri ilə görüş keçirib. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
Görüşdən əvvəl Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və İcra Hakimiyyətinin məsul əməkdaşları Kürdəmir rayonu ərazisində salınmış “Şəhidlər Xiyabanı”nda dəfn olunmuş, Cəbrayıl rayonundan olan, İkinci Qarabağ müharibəsi şəhidi Əliyev Ziyadxan İbrahim oğlunun və həmin ərazidə dəfn olunmuş digər şəhidlərin məzarını ziyarət ediblər.
İcra Hakimiyyətinin başçısı görüşdə çıxış edərək son illərdə respublikamızın sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələrdən söhbət açmış, Cəbrayıla köçün başlanması ilə əlaqədar geniş məlumat verib.
Rayon rəhbəri qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll üçün müvafiq tapşırıqlar vermiş, İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil olmayan məsələlərin müvafiq qurumlar qarşısında qaldırılması tapşırılmışdır.