İcra Başçısı Bakı şəhərində səyyar görüş-qəbul keçirib
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 19 may 2025-ci il tarixdə, İcra Hakimiyyətinin Bakı şəhəri, Nərimanov rayonunda yerləşən qərargahında rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Qəbulda aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
İcra başçısı çıxış edərək son illərdə respublikamızın sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli, sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələrdən, o cümlədən işğaldan azad olunmuş Cəbrayıl rayonunda gedən bərpa-quruculuq işlərindən, rayon əhalisinin öz dədə-baba yurdlarına qayıdışından geniş söhbət açıb.
Rayon rəhbəri qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.