İcra başçısı 5 saylı Cəbrayıl qəsəbəsində səyyar görüş-qəbul keçirib
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 02 iyul 2026-cı il tarixdə 5 saylı Cəbrayıl qəsəbəsində fəaliyyət göstərən 10 nömrəli tam orta ümumtəhsil məktəbində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Qəbulda aparatın məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və işğaldan azad olunmuş ərazilərdə o, cümlədən Cəbrayıl rayonunda aparılan quruculuq işlərindən və əhalinin qayıdışından söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib. RİH başçısı qəbulda vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.
Rayon sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






