İcra başçısı 10 saylı Cəbrayıl qəsəbəsində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 04 dekabr 2025-ci il tarixdə 10 saylı Cəbrayıl qəsəbəsində sakinlərlə səyyar görüş-qəbul keçirib. Qəsəbədə fəaliyyət göstərən klubda keçirilən qəbulda aparatın məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və işğaldan azad olunmuş Cəbrayıl rayonunda aparılan quruculuq işlərindən və əhalinin rayona qayıdışından söhbət açan rayon rəhbəri sakinləri narahat edən məsələlərlə də maraqlanıb. RİH başçısı qəbulda vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemləri qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.
Rayon sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






