“Hüquqlarımız bizi qoruyur” adlı tədbir keçirilib
09 iyun 2023-cü il tarixdə 6 saylı Cəbrayıl qəsəbəsində fəaliyyət göstərən Qalacıq kənd klubunda rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “Hüquqlarımız bizi qoruyur” adlı tədbir keçirilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Mərkəzi Kitabxananın əməkdaşları, mədəniyyət işçiləri, gənclər iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlərin keçirildiyini vurğulayıblar. İnsan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu və dövlətin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Natiqlər qeyd ediblər ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının qorunması və vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra inkişaf etməyə başlayıb. Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ilin 12 noyabrında qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqları ilə bağlı müddəalar təsbit olunub. İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamız qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub. Natiqlər yeniyetmələrə və gənclərə öz hüquq və azadlıqlarını, eyni zamanda vəzifə və borclarını mükəmməl bilməyi tövsiyə ediblər.