Horovlu kəndi yenidən həyatla dolur
Bu gün 196 nəfərdən ibarət 40 keçmiş məcburi köçkün ailəsi Cəbrayıl rayonunun Horovlu kəndinə köçürülüb. Ailələr yenidən qurulan kəndə sevinc göz yaşları ilə qədəm qoyaraq doğma yurdlarında yaradılmış müasir şəraitlə tanış olublar.
Qeyd edək ki, kənddə birinci mərhələdə 334 fərdi yaşayış evi inşa olunub. Evlər su, işıq, qaz, günəş panelləri, eləcə də yüksəksürətli internetlə təmin edilib,kənddaxili yollar asfaltlaşdırılıb.
Doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından məmnunluqlarını ifadə edərək yaradılmış müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sakinlər tarixi qələbəni xalqımıza bəxş edən, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, qazilərimizə dərin təşəkkürlərini çatdırıblar. Vurğulanıb ki, doğma yurdda başlanan yeni həyat məhz Zəfərin bəhrəsidir.
Kəndə köçən ailələr qarşılandıqdan sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən onlara mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı maarifləndirici məlumat verilib. Daha sonra ailələrə evlərin açarları təqdim olunub və onlar yeni mənzillərində məskunlaşıblar.






