“Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib
22 iyun 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin fəaliyyətini əks etdirən İdeoloji mərkəzdə Silahlı Qüvvələr Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, hərbi mütəxəssislər, çağırış yaşlı gənclər, Vətən müharibəsi veteranları və qazilər iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərdən, misilsiz xidmətlərdən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edənlər ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini, respublikamızın hər yerində olduğu kimi, Cəbrayıl rayonunda da silsilə tədbirlər keçirildiyini qeyd ediblər. Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, həyatını xalqının və dövlətinin işıqlı gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda keçirilən tədbirin də həmin tədbirlərin davamı olduğunu diqqətə çatdırıblar. Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq dünya müasir hərb tarixinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələri və onun yaranma tarixi, onun formalaşması bütün ömrünü xalqının xoşbəxt gələcəyinə, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Müstəqillik illərində ordu quruculuğu prosesinin dövrün çağırışlarına müvafiq olaraq ardıcıllıqla həyata keçirilməsi Azərbaycanın hərbi qüdrətinin artırılması işinə mühüm töhfələr vermişdir. Ümumiyyətlə, ulu öndər tərəfindən hələ sovet dönəmində ordu quruculuğu istiqamətində bir sıra mühüm addımlar atılmışdı. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət güclü maddi-texniki bazaya, müasir texnikaya və silahlara malik olan nizamlı ordusu vardır.
Natiqlər qeyd ediblər ki, bu gün Ulu Öndərin ruhu şaddır, çünki Qarabağ Azərbaycandır! Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinin nəticəsində “Qarabağ” problemi yoxdur. Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik, onlara və ailələrinə bir ömür boyu borclu və minnətdarıq.