Həmyerlimizin ABŞ-da böyük uğuru
Həmyerlimiz, xanəndə Aqil Məhəmməd oğlu Süleymanov ABŞ-də təşkil olunan “LIT MUSIC AWARDS” Beynəlxalq Musiqi Festivalında 2 medal qazanıb. Nüfuzlu müsabiqədə “Ninne yarım” mahnısını təqdim edən xanəndə “Ən yaxşı kişi ifaçısı” kateqoriyası üzrə qızıl, “Ən yaxşı xalq musiqisi” kateqoriyası üzrə isə gümüş medala layiq görülüb. Qeyd edək ki, “LIT MUSIC AWARDS” müsabiqəsi dünyanın hər yerindən istedadlı ifaçıları bir araya gətirir.
Aqil Süleymanov yeddi ildən artıqdır ki, ABŞ-da muğam musiqi sənətini təbliğ edən Azərbaycan muğamının yeganə təmsilçisidir. Onun Amerikadakı hekayəsi 2014-cü ildən “Qarabağ Ansamblı” ilə nüfuzlu SXSW (South by Southwest) musiqi festivalında iştirakından başlayıb. O vaxtdan bəri Aqil Süleymanov solo ifaçı kimi Amerika musiqi səhnəsində əhəmiyyətli iz qoyub.
Hazırda ABŞ-ın Nyu-York şəhərində yaşayan həmyerlimizin əldə etdiyi nailiyyətlərindən biri də Azərbaycan musiqisini dərindən qiymətləndirən “Hunter Kollec”in professorları Corc Mürer və Fərzad Amuzegərlə işbirliyidir. Onların vasitəsi ilə istedadlı xanəndəmiz “Hunter Kollec”də muğam proqramının təşkili üzərində işləyərək Azərbaycan muğamının əhatə dairəsini akademik aləmdə daha da genişləndirmək arzusundadır.
İstedadlı ifaçı Aqil Süleymanov 8 Noyabr - Zəfər Günündə, Nyu-Yorkun böyük musiqi səhnələrindən biri “Linkoln Mərkəzi”ndə Əməkdar artist, professor Nərgiz Əliyarova ilə bir səhnəni bölüşüb. O, həmçinin professor Corc Mürerlə bərabər “Leyli və Məcnun” operasını gələn ilin aprel ayında ABŞ-da səhnələşdirmək niyyətindədir.
Məlumat üçün bildiririk ki, musiqi təhsilini paytaxt Bakıda alan Süleymanov Aqil Məhəmməd oğlu Cəbrayıl rayonunun Qalacıq kəndində anadan olub. Hazırda valideynləri məcburi köçkün ailəsi kimi Bakı şəhərində müvəqqqəti məskunlaşıblar.
Həmyerlimizi ürəkdən təbrik edir və Azərbaycan musiqisi sənətinin dünyada tanıdılmasında və təbliğində yeni-yeni uğurlar arzulayırıq.