Həmyerlimiz, görmə məhdudiyyətli Nazim Cəfərovun uğuru
Həmyerlimiz, Cəbrayıl rayonunun Balyand kənd sakini, görmə məhdudiyyətli, istedadlı tar ifaçısı Nazim Cəfərov arzusuna qovuşub. Azərbaycan Milli Konservatoriyasının instrumental ifaçılıq üzrə tar ixtisasına qəbul olunub. Nazimi təbrik edir və daha böyük uğurlar arzulayırıq.
Nəzərinizə çatdırırıq ki, Nazim İntiqam oğlu Cəfərov 2007-ci ildə anadan olub. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində və paralel olaraq məktəbinin nəzdindəki 38 saylı musiqi məktəbin tar sinfində təhsil alıb. Nazimin musiqiyə marağı uşaqlıq illərindən yaranıb. Elə bu istək və məqsəd də onun Azərbaycan Milli Konservatoriyasının tələbəsi olmaq arzusunu reallaşdırıb. Nazim anadangəlmə görmə məhdudiyyətli olsa da, musiqi sahəsində böyük uğurlara imza atıb. İstedadlı gəncimiz 26 aprel 2024-cü il tarixdə Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunmuş milli musiqi alətləri ifaçılarının və xanəndələrin Respublika Festevalı-Musabiqəsində birinci yerə layiq görülüb. 26 dekabr 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin, 2 iyun 2026-cı ildə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Fəxri fərmanları, 26 dekabr 2019-cu ildə “Fövəladə hallar uşaqların gözü ilə” IX Respublika uşaq yaradıcılıq müsabiqəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin, 1 iyun 2023-cü ildə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları, 2019, 2020, 2021, 2022-ci illərdə isə Fövqəladə Hallar Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, DOST Mərkəzinin, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təşəkkürnamələri ilə təltif olunub. Gələcəkdə ali təhsilini başa vurduqdan sonra doğma yurdu Cəbrayılda Milli musiqi alətimiz olan tarın sirlərini gənclərə öyrətmək, tar ifaçılığını onlara sevdirmək istəyi ilə böyük əzmlə çalışır.
Nazimi bir daha böyük uğuru münasibətilə təbrik edir və onunla eyni taleyi yaşayan görmə məhdudiyyətli bacısı 11 yaşlı Səmaya gələcəkdə arzusunda olduğu Qarabağ Universitetində təhsilini davam etdirmək, Azərbaycan musiqisinin zənginliyini və ruhunu pianino vasitəsilə dünyaya tanıtmağı arzulayırıq.
Yolunuz açıq olsun, əziz balalar!






