Həmyerlimiz, dünya şöhrətli riyaziyyatçı - Oqtay Vəliyev
Diferensial operatorların spektral nəzəriyyəsi və riyazi fizika sahələrində ixtisaslaşmış dünya şöhrətli riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Alış oğlu Vəliyev 1954-cü il iyul ayının 3-də Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olub.
1961-1969-cu illərdə Süleymanlı kənd 8 illik məktəbində, 1969-1971-ci illərdə isə Bakı 1 nömrəli fizika-riyaziyyat təmayüllü internat məktəbində təhsil alıb. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş alim, III kursdan Moskva Dövlət Universitetinə köçürülərək, 1977-ci ildə həmin ali məktəbi bitirmişdir.
1980-ci ildə Moskvada akademik Fəraməz Maqsudov və professor A.Q.Kostyuçenkonun rəhbərliyi ilə “Əmsalları periodik kompleks qiymətli diferensial operatorlar (01.01.01)” mövzusunda namizədlik, 1989-cu ildə Tiflisdə “Məxsusi ədədlər üçün asimtotik düsturlar və periodik diferensial operatorlar (01.01.01) və (01.01.02)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1992-1996-cı illərdə Bakı Dövlət Universitetində "Funksiyalar nəzəriyyəsi və funksional analiz" kafedrasının müdiri, 1993-1997-ci illərdə isə Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti olmuşdur.
1996–2002-ci illərdə Türkiyədə Dokuz Eylül Universitetində, 2002–2003-cü illərdə Marmara Universitetində, 2003-cü ildən etibarən isə İstanbuldakı Doğuş Universitetinin Mühəndislik fakültəsində professor kimi elmi fəaliyyətini davam etdirir. Eyni zamanda İsveçrənin ETH (Sürix), Fransanın Nant (Nantes) və İngiltərənin Sasseks (Sussex) universitetlərində qonaq professor kimi də fəaliyyət göstərmişdir.
Oktay Vəliyev Funksiyalar nəzəriyyəsi, Şredinger operatoru və spektral nəzəriyyə üzrə 52 elmi məqalənin, 1 monoqrafiyanın müəllifidir. Tədqiqatları nüfuzlu beynəlxalq nəşriyyatlarda, o cümlədən Springer nəşriyyatında çap olunmuşdur. Dünya şöhrətli alim 14 fəlsəfə , 1 elmlər doktoru hazırlamışdır.
Alimin Moskva Dövlət Universitetindən başlayan və Bakı Dövlət Universitetindən Türkiyənin nüfuzlu ali təhsil ocaqlarına qədər uzanan zəngin elmi-pedaqoji fəaliyyəti hər bir gənc tədqiqatçı üçün əsl örnəkdir.
Həmyerlimizi 72 illik şərəfli ömrü və riyaziyyat elminə bəxş etdiyi fundamental nailiyyətlər münasibətilə səmimi-qəlbdən təbrik edir, elmin inkişafına və cəmiyyətimizin tərəqqisinə yeni-yeni töhfələr verməsini arzulayırıq.






