Şriftin ölçüsü :

Saytın rəngi :

Həmyerlimiz, Beynəlxalq dərəcəli futsal hakimi Hikmət Qafarlı Avropa çempionatına təyinat alıb

19 dekabr 2025 | 16:53
    Həmyerlimiz, Futzal üzrə FIFA referisi Hikmət Qafarlı 2026-cı ildə Latviya, Litva və Sloveniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb. Belə ki, Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi edəcəyi 2026-cı il Avropa çempionatında Latviya və Litvada baş tutacaq oyunlara hakimlik edəcək. 
    Qeyd edək ki, qitə birinciliyinin oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.
   Məlumat üçün bildiririk ki, Hikmət Fazil oğlu Qafarlı  27 yanvar 1987-ci ildə  Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Məlum hadisələrlə bağlı 1993-cü ildən Bakı şəhərində məskunlaşıb.  1993-2005-ci illərdə Binəqədi rayon 30 nömrəli tam orta məktəbdə, 2005-2009-cu illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsilini davam etdirib. 
    Hərbi xidmətini başa vurduqdan sonra rayonunu təmsil edən “Xudafərin” futzal klubunun təsisçilərindən biri və eyni zamanda oyunçu kimi çıxış edib. 2014-cü ildə AFFA-nın hakimlik kurslarına qatılaraq 2015-ci ildən Futzal üzrə Azərbaycan çempionatının oyunlarına təyinat alıb və 2017-ci ildə AFFA-nın təqdimatı ilə FIFA referisi olaraq beynəlxalq dərəcəli hakim adına layiq görülüb. 3 dəfə Azərbaycan Kubokunun, 1 dəfə ölkə çempionatının və 1 dəfə də tələbələr arasında keçirilən çempionatın finalında hakimlik edib. O həmçinin      Beynəlxalq səviyyəli Gənclər Olimpiya Oyunlarının, UEFA Çempionlar Liqası, Dünya və Avropa çempionatlarının seçmə mərhələlərində də iştirak edib. 
    2023-cü ildə Xorvatiyada keçirilən 19 yaşlılar arasında Avropa çempionatının final mərhələsinə dəvət edilən H.Qafarlının UEFA tərəfindən hakimlik fəaliyyəti yüksək qiymətləndirilərək,  2020-ci ildə UEFA-nın 2-ci, 2025-ci ildə isə 1-ci dərəcəli hakimi kateqoriyasına yüksəlib.
    Hazırda beynəlxalq dərəcəli futsal hakimi Hikmət Qafarlı Nəsimi rayonunda fəaliyyət göstərən Texniki Humanitar liseydə fiziki tərbiyə müəllimi kimi çalışır.
    Həmyerlimizi təbrik edir və 2026-cı ildə keçiriləcək  qitə birinciliyi oyunlarında uğurlar arzulayırıq. 

 

Keçidlər