Şriftin ölçüsü :

Saytın rəngi :

Əli Rza Xələflinin 70 illik yubileyi keçirilib

20 may 2023 | 11:37

    19 may 2023-cü il tarixdə şair, publisist, nasir Əli Rza Xələflinin 70 illik yubileyi keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şairlər, yazarlar, poeziya sevərlər, respublikamizın əksər bölgələrindən olan qonaqlar, məktəblilər, şairin yaxınları, doğmaları, KİV nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
    Tədbirdə çıxış edənlər yubilyarın həyat və yaradıcılığı haqqında geniş söhbət açaraq bildiriblər ki, ötən əsrin 80-ci illərindən dövrü mətbuatda şeirləri və publisistik yazıları ilə çıxış edən şair, publisist, Qabaqcıl maarif xadimi Əli Rza Xələfli bu gün yetmişə yaxın kitabın müəllifidir. Onun yaradıcılığı daim diqqət mərkəzində olmuş və dəyərləndirilmiş, haqqında çoxlu sayda məqalələr yazılmışdır. Daha sonra qeyd olunub ki, vətənpərvərlik, torpaq, millət təəssübkeşliyi, yurda, el-obasına bağlılıq şairin yaradıcılığının ana xətti olub. Hələ doğma yurdu Cəbrayılın, ümumilikdə Qarabağ torpağının düşmən tərəfindən işğalı, illərlə yurd yerinə həsrət şairin yaradıcılığında bütöv bir mövzuya çevrilib. Vətənə olan sevgisini, vətənpərvərliyini yazdığı şerlərində, söylədiyi fikirlərində aydın şəkildə əks etdirib. Bu gün artıq şairin yurd həsrətinə son qoyulub, Qarabağımız azaddır, işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri gedir, sakinlərimiz doğma yurduna qayıtmağa hazırlaşır. Ölkəmizdə saz-söz adamlarına, yazarlara, şairlərə, ziyalılara, yaradıcı insanlara, mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir, əməkləri yüksək qiymətləndirilir. Bu ənənə Cəbrayıl rayonunda da yüksək səviyyədə qorunub saxlanılır. Hər zaman ziyalı kəlməsinə, ziyalı sözünə yüksək qiymət verilir, onlara hörmət və ehtiram göstərilir, yaradıcılıqlarına böyük dəyər verilir. Bu gün bu tədbirin keçirilməsi də elə bu hörmət və ehtiramın ifadəsidir. Natiqlər qeyd ediblər ki, Əli Rza Xələfli elinə obasına bağlı bir insandır və hər zaman rayonumuzun ictimai-siyasi həyatında fəal iştirak edib. Ömrünün 70-ci ilini yaşayan şair yenə də gənclik şövqü ilə yazıb yaradır, qələmi əlindən yerə qoymur. Arzu ediblər ki, şairin qələmi bütöv Azərbaycan, böyük türk dünyasının zəfərləri haqqında yeni-yeni əsərlər yaratsın.
    Sonda yubilyara Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunub. Şairin şerləri və sözlərinə həsr olunmuş musiqi nömrələri səsləndirilib.

Keçidlər