”El bilir ki, sən mənimsən” adlı tədbir keçirilib
23 may 2023-cü il tarixdə Cəbrayıl rayon akad. M.Mehdizadə adına şəhər tam orta məktəbində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə ,,El bilir ki, sən mənimsən” adlı tədbir keçirilib. Tədbirdə Milli Məclisin Deputatı Ceyhun Məmmədov, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Cəbrayıl rayon İHB-nin müavini Fəridə İbayeva, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin nümayəndəsi Əli Əliyev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Cəbrayıl rayon sektorunun müdiri Zamiq Qurbanov, Vətən müharibəsi iştirakçıları, qazilər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Tədbir şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə davam edən tədbirdə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər böyük şəxsiyyətin həyat və fəaliyyətindən söhbət açaraq 2023-cü ilin “Heydər Əliyev ili” adlandırılmasının tarixi əhəmiyyətindən, bu il çərçivəsində rayonda böyük şəxsiyyətin əbədiyaşar xatirəsinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini və bu gün keçirilən tədbirin də həmin silsilə tədbirlərin davamı olduğunu bildiriblər. Natiqlər qeyd ediblər ki, bu yubileyin keçirilməsinin mühüm cəhəti ondan ibarətdir ki, Ulu öndərin şəxsində həm də Azərbaycanın dünəni, bu günü, ən əsası isə sabahı təhlil olunur. Heydər Əliyevin yaratdıqları barədə minnətdarlıqla danışılır, onun yolu əsasında əldə edilən nailiyyətlərdən fəxrlə söhbət açılır, yenə də məhz onun sayəsində gələcəkdə qazanacağımız qələbələrin real hədəfləri inamla müəyyənləşdirilir.
Bu mənada əminliklə deyə bilərik ki, Heydər Əliyev tariximizin qürurlu dünəni, öyrənilən bu günü və daim istinad olunacaq sabahıdır. Heydər Əliyev bənzərsizliyinin ən vacib simvolu da elə budur. O, əbədi liderdir. Bu baxımdan bu günkü tədbirin “El bilir ki, sən mənimsən” adlandırılması da tarixi qanunauyğunluqdur. Ölkəmizdə hansı uğura, zəfərə, tərəqqiyə nəzər salsaq orada Heydər Əliyevin imzası görünəcək.
Azərbaycan və Heydər Əliyev bütövdür, ayrılmaz vəhdətdir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada da Azərbaycanın rəmzi kimi qəbul edilir. Ulu öndərin ömür yolu, irsi milli sərvətimizdir, daim öyrənəcəyimiz məktəbdir.
Sonda məktəb kollektivinin hazırladığı kompozisiya təqdim olunub.