Əkin sahələrində aqrotexniki tədbirlər davam etdirilir
Cari ilin məhsulu üçün rayon üzrə 16133 ha. sahədə payızlıq taxıl səpini aparılmışdır. Aparılan səpinin 14198 hektarı buğda, 1935 hektarı isə arpa olmuşdur. Əkinlərin 14099 hektarı və ya 87,4 faizi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2021-ci il tarixli Fərmanının icrası məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi ilə Şirkətlər arasında bağlanmış müqavilə əsasında rayonun işğaldan azad edilmiş ərazilərində, 2034 hektarı isə əhalimizin müvəqqəti məskunlaşdığı Biləsuvar rayonu ərazisində aparılmışdır.
Cari ilin 1-ci rübü ərzində mütəxəssislər tərəfindən taxıl əkini sahələrində müntəzəm monitorinqlər keçirilib, əkinlərin bitiş vəziyyəti, alaqlarla, xəstəlik və zərərvericilərlə sirayətlənmə dərəcələri öyrənilib. Rüb ərzində 1315 hektar taxıl sahəsində müşahidələr aparılmış, nəticədə 1115 hektar sahədə siçanabənzər gəmiricilərlə, 450 hektar sahədə isə taxıl böcəyi ilə sirayətlənmə müşahidə olunmuşdur. Eyni zamanda 815 hektar sahədə siçanabənzər gəmiricilərə, 450 hektar sahədə taxıl böcəyinə qarşı kimyəvi mübarizə aparılmış, 30 hektar sahəyə alaqlara qarşı herbisid çilənmiş, 996 hektarda yaz yemləməsi aparılmışdır. Taxıl əkinlərində bitişin monitorinqinin aparılması nəticəsində əkinlərin 9811 hektarında və ya 61 faizində inkişafın yaxşı, 6322 hektarında və ya 39 faizində isə inkişafın zəif olduğu müəyyənləşdirilmişdir. Suvarılan ərazilərdə yerləşən 1080 hektar taxıl sahəsinin 1020 hektarında və ya 94%-də 1-ci vegetasiya suvarması başa çatdırılmışdır. Rayonda mövcud olan toxumçuluq təsərrüfatının əkinlərinə seçmə qaydasında baxış keçirilmiş, aqrotexniki tədbirlərin aparılması ilə bağlı tövsiyələr verilmişdir. Hazırda əkin sahələrində aqrotexniki tədbirlər davam etdirilir.
01 aprel tarixə rayon üzrə 358 hektarda yazlıq əkin aparılmışdır ki, ondan 12 hektarı taxıl, 32 hektarı tərəvəz, 34 hektarı kartof, 280 hektarı yazlıq yonca olmuşdur. Hazırda tərəvəz əkinləri davam etdirilir. Heyvandarlığın yem ehtiyatının daha etibarlı təmin edilməsi məqsədilə cari ilin yazında səpini aparılmış 280 sahədə yonca sahələrində normal bitiş alınmışdır.