Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair 2022-ci il üzrə hesabatın müzakirəsi keçirilmişdir
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 6 mart 2023-cü il tarixdə rayon icra hakimiyyətinin Bakı şəhəri, Nərimanov rayonunda yerləşən qərargahında RİH başçısı aparatı və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə inzibati vəzifə daşıyan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatın müzakirəsini keçirmişdir.
İclas Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 2.3-cü yarımbəndinin icrası ilə əlaqədar təşkil olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər barədə məlumat verdi. Müzakirənin yekununda təlimlərə tələbatları müəyyən edilən dövlət qulluqçularının cari ildə əlavə təhsilə və təlimlərə cəlb edilməsi, həmçinin yüksək nəticə göstərən dövlət qulluqçularının mükafatlandırılması qərara alındı.
Diskussiya şəklində keçən müzakirələrin sonunda RİH başçısı Kamal Həsənov dövlət qulluqçularına müvafiq tapşırıq və tövsiyələrini verdi, gələcək fəaliyyətlərində uğurlar arzuladı.