Şriftin ölçüsü :

Saytın rəngi :

“Divlər sarayı” – alp babalarımızın məskəni

14 iyun 2026 | 17:13

    Xalq şairi Sabir Rüstəmxanlının məşhur “Ömür kitabı” əsərində yerləşdiyi ərazinin adı ilə “Dağtumas mağarası” adlandırdığı “Divlər sarayı” adlı qədim yaşayış məskəni nədən belə adlanıb? Düzü, lap uşaqlıqdan - ağlım söz kəsəndən atamdan-anamdan eşitdiyim “Divlər sarayı” ifadəsi diqqətimi çəkmişdi. İlk baxışda nağıllarda, rəvayətlərdə oxuduğum - eşitdiyim divlər, əcinnələr gəlmişdi eynimə. Yetkinlik çağlarımdan məni maraqlandıran şeylər barədə evdə valideynlərimdən, məktəbdə müəllimlərimdən soruşub öyrənməyə çalışırdım. Qaneedici cavablar almayanda, öz sualıma daxili dünyamla baş-başa qalmaqla özüm cavablar aramağa başlayırdım. Əlbəttə ki, çətin sualların cavablarını tapmaq da bir günün, bir saatın işi deyildi. Elə olurdu ki, illər çəkirdi sualımın cavabını tapmağım. Bir haşiyə də çıxım ki, hələ məktəbə getmədiyim vaxtlarda Mamed əmi - atamgillə əmiuşağı olan Şavahatoğlu Məhəmməd bizə qonaq gəlmişdi, atam gördüm ona deyir ki, bu Şakir hər şeylə maraqlanır, təəccübləndiyi şeylər barədə mənə çox suallar verir. O da cavab verdi ki, uşağın hər şeylə maraqlanması və suallar verməsi çox yaxşı haldır.
    Keçirəm əsas mətləbə. Xalq arasında tələffüzlə “Devlər Sarayı” adlandırılan Divlər Sarayı mağarası doğrudanmı səsi-sorağı minilliklərdən gələn mifik səciyyəli qorxunc, bədheybət görkəmli, adamyeyən varlıqlar olan divlərin yaşadığı yer olubmu? Saray ifadəsi əsilzadələrin, xanların, şahların yaşadıqları evlərə - imarətə aiddir. Deməli, bir ipucu da burdan gəlir məsələnin çözümü üçün. Bəşəriyyətin ən qədim insan məakənlərindən biri olan Cəbrayıl rayonu ilə qonşu ərazi hesab edilə bilən Xocavənd rayonunun Azıx kəndi ərazisindəki Azıx mağarasıdır. Paleolit dövrünə aid olunan, yaşı 350-400 min il əvvələ, hətta 1-1,5 milyon il əvvələ gedib çıxan daş dövrünün yaşayış məskəni olan Azıx mağarasında qədim əcdadlarımız yaşayıblar. Deməli, qədim insan məskəni olan Azərbaycanımızın ayrı-ayrı guşələrində – Qobustanda, Azıxda, Əshabi-Kəhfdə olduğu kimi, Dağtumasdakı Divlər Sarayında da ulu əcdadlarımız yaşayıblar.
    Buna paralel bir bənzətmə də, müqayisə də gətirmək istərdim. Necə ki, bu gün Azərbaycanda inzibati ərazi bölgüsü kimi müxtəlif ərazilərimizdə bir-birlərinə yaxınlıqda yerləşən, ya da uzaq məsafələrdə olan ayrı-ayrı rayon, şəhər tipli iri yaşayış məskənlərimiz var, o cür də ta qədim dövrlərdə ölkəmizin ayrı-ayrı guşələrində bir-birilərilə az-çox dərəcədə əlaqələri olan mağara tipli qədim insan məskənləri mövcud olmuşdur. O cümlədən də Azıx mağarası sakinləri ilə Divlər sarayında yaşayan div-adamların bir-birlərilə yaxın qonşuluq münasibətlərinin olması mümkün idi. Başqa sözlə, Azıx qəbiləsi ilə Divlər Sarayı icması arasında öz dövrlərinin qarşılıqlı iqtisadi-mədəni əlaqələrinin olması da təbii idi. Azıx adı, Azıx ifadəsi öz kökündə qədim türksoylu Az (As) tayfalarının adını yaşadır. “Kitabi-Dədə Qorqud”dakı Uçox, Bozox tayfaları - tayfa birlikləri olduğu kimi, Qarabağ-Zəngəzur ərazisində də Azıx - Uzux (Divlər Sarayının timsalında) tayfa əlaqələrinin olması ehtimalı təbiidir. İndi isə gəlirəm Divlər sarayındakı “Div” ifadəsinin məğzinə. Bu gün də obrazlı şəkildə metaforik olaraq nəhəng adamlara div kimi yekəpər adam deyirik, yaxud filankəs “divdi - əjdahadı elə bil” deyirik. Xalqımızın epik-mifik qəhrəmanı olan Koroğlu obrazını da eynimizdə elə div obrazı kimi nəhəng simada təsəvvür edib, canlandırırıq. Deməli, “Divlər Sarayı” ifadəsi div kimi yekəpər, azman tipli insanların sarayı - yaşayış məskəni anlamındadır. Buna bənzər obrazlı bir ifadə də mifik məxluqlar olan azman görkəmli ucubılıxlardır ki, onlar bir ayaqlarını Arazın bu üzündən qoyub, o biri ayaqlarını da Arazın o üzünə aşırmaqla o boyda nəhəng çayı addımları ilə “qarışlayıb” keçə bilirmişlər.
    Yazımin bu məqamındaca rəhmətlik Mikayıl Müşfiq demişkən, “yenə şairliyim başıma vurdu” özümdən ixtiyarsız ürəyimdən aşağıdakı misralar süzüldü:
    Alp Devlərlə azman Ucubılıxlar,
    Düşmənin bağrını yaran Uzuxlar,
    Dünyanı heyrətə salan Azıxlar,
   Yer-göyü titrədən Uçox-Bozoxlar –
    Ulu keçmişimdən şanlı soraqdı…
    Zümrüd İbrahim qızı Mənsimovanın doktorluq dissertasiyasında divlərin insan olmaqları haqda oxuyuruq: “Bir sıra xalqların miflərinə görə, divlər bədəncə böyük bir insan tipidir və adi insanlar kimi yaşayırlar. Bəzi xalqların miflərində (misal üçün, skandinav mifləri) divlər əzazil və qəddardır. Ancaq bəzi yunan miflərində divlərin dağlarda yaşayan və sülhsevər olduğu göstərilir”.
    Alimin fikirlərindən də bir daha gördüyümüz kimi, divlər bədəncə böyük olan yekəpər, nəhəng insanlar olub, elə adi insanlar kimi də ömür sürürlər. Eyni zamanda yunan miflərində divlərin dağlarda yaşayan (Dağtumas dağlarındakı Divlər Sarayı timsalında) sülhsevər adamlar olduğu da bizim yuxarıda söylədiyimiz div-insan paralelliyi ilə bağlı mülahizələrimizi təsdiqləyir.
    Divlərin əzazilliyilə bağlı düşüncəyə gəldikdə isə bu “div obrazının mifik təfəkkürdə funksiyasının dəyişilməsi – müsbətdən mənfiyə doğru əvəzlənməsi cəmiyyətin inkişafı ilə bağlı olmuşdur” şəklində izah olunur. Məhz bu fikirdən çıxış edən Z.Mənsimova yazır ki, “divlər bütünlüklə pislik və şərlə bağlı olmayıb, həm də müsbət tərəfləri olan mifik-əfsanəvi varlıqlardır” (səh. 165).
    Əlbəttə, bu mülahizələr div obrazının mifik təfəkkürdəki yerini müəyyənləşdirir ki, yaşı bir milyon ildən əvvələ gedib çıxan Divlər Sarayı mağarasının nəhəng, azman adamları Div kimi metaforik adla tanındığı əski dövrlərdə müsbət, xeyirxahlıq funksiyası daşımışlar. Başqa sözlə, divlərin bədheybət, mənfi tipdə səciyyəsi, şər qüvvə kimi çıxış etmələri tarixin nisbətən sonrakı inkişaf dövrləri ilə bağlı olmuşdur. Bu baxımdan insanların öz ulu babalarını div adlandırması və yaşayış məskənlərini “Divlər Sarayı” kimi tanımaları divlərin əski düşüncədəki xeyirxah təbiətli varlıqlar olmalarını ortaya qoyur. Yoxsa ki, heç vəchlə insanlar öz əcdadlarını mifik təfəkkürdəki mənfi personajlara bənzətməz, metaforik olaraq mənfi tiplər kimi adlandırmazdı. Hər kəs öz atasını (ya anasını), babasını, ulu babasını müqəddəs bir səviyyədə dəyərləndirməyə çalışdığı kimi, insanların da öz ulularını xeyirxah mifik varlıqlar kimi xarakterizə edib adlandırmaları təbiidir.
    Akademik Tofiq Hacıyevin tərcümə etdiyi bulqar-tatar şairi Mikayıl Baştunun “Şan qızı dastanı”ndan oxuyuruq:
    Alplar arasında vardı
    Həm yaxşı, həm pis divlər.
    Epik mətndən də aydın olur ki, alplar - qəhrəmanlar div olaraq adlandırılır və bu div - alplar da təbiətləri eribarı ilə müsbət və mənfi tiplərə bölünürlər. Deməli, mifik təfəkkürdə transformasiyaya uğrayaraq müsbət yönümlülükdən mənfiliyə doğru xarakter qazanmış divlər epik-bədii düşüncədə də eyni əlamətlərlə səciyyələndirilmişdir: yaxşı divlərlə yanaşı pis divlər də təsvir olunmuşdur.
    Bir sözlə, səsi-sorağı eramızdan əvvəlki yüz min illərdən əvvəl gələn “Divlər Sarayı” mağarasının sakinləri əski mifik təfəkkürdə xeyirxahlıq mücəssəməsi sayılan divlərin timsalında ulu babalarımız – Alp ərənlər olmuşlar.


                                                                                                                                                                      Şakir Albalıyev
                           Filologiya elmləri doktoru, dosent

Keçidlər