Şriftin ölçüsü :

Saytın rəngi :

Dilimizi yaşatmaq tariximizi yaşatmaqdır

20 fevral 2024 | 18:22

    Belə bir ifadə mövcuddur: xalqı onun dili, dövləti isə onun xalqı yaşadır. Bəli hər bir xalq özünü bəşəriyyətə dərin köklərə, qədim ənənələrə malik olan ana dili ilə təqdim edir. Ana dili xalqın milli-mənəvi varlığı, özünü təsdiqi, həyat tərzi, mədəni irsidir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, doğma dilində öz əksini tapır. Azərbaycan dili də Azərbaycan xalqının varlığıdır. Dilimiz tarix boyu müxtəlif təcavüzlərə məruz qalsa da çətinliklərlə üz-üzə gəlsə də, xalqımızın mərd oğul və qızları onun saflığını, təmizliyini, zənginliyini qoruyub saxlamış, nəsildən –nəsilə ötürərək yaşatmış və bugünkü səviyyəsinə çatdırmışlar.
    Tarixi minilliklərin sınağından qalib çıxan dilimiz haqqında düşünərkən gözlərimiz önündə Azərbaycan söz sənətinin, Azərbaycan təfəkkür dünyasının, Azərbaycan dil xəzinəsinin, Azərbaycan ictimai-siyasi fikrinin təməl daşları, bünövrəsi, ən dəyərli inciləri olan Dədə Qorqud, Nəsimi, Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundov, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı, Səməd Vurğun, Mikayıl Müşfiq, Hüseyn Cavid, Aşıq Ələsgər, Şəhriyar, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə və Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində müstəsna xidmətləri olan xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyev canlanır. Əlbəttə ki, bu siyahını davam etdirmək də olar. Məhz onların sayəsində doğma dilimiz olan Azərbaycan dili əsrlərin keşməkeşlərindən alnı açıq, üzü ağ çıxaraq mükəmməl, şirin, axıcı, işlək və zəngin bir dilə çevrilmişdir. Bu incə və lətafətli dil bütün dövrlərdə öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumuşdur.
    Respublikamız müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlanmış, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranmışdır. Dilimizin kütləviliyi, inkişafı, qayda və tələbləri ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanda, eləcə də 30 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunda geniş şəkildə öz əksini tapmışdır. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanına əsasən, hər il 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Dilimizə dövlət qayğısı bu gün də yüksək səviyyədədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dilimizin qorunmasına və inkişafına yönəlik dövlət strategiyasını uğurla davam etdirir.
    Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi dilimizlə fəxr etməyə tam haqqımız olduğunu bir daha təsdiq edir.
    Azərbaycan dili Azərbaycan xalqının müqəddəs sərvətidir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Min ildən artıq tarixi olan bu dildə nə qədər gözəl əsərlər yaranmış, nə qədər hikmətli fikirlər söylənmiş, «Kitabi-Dədə Qorqud», «Koroğlu» kimi eposlar qoşulmuşdur. Həmçinin dünya ədəbiyyatının ən yaxşı nümunələri də dilimizə tərcümə edilmişdir. Dilimizi inkişaf etdirib yaşatmaq özümüzü yaşatmaqdır, tariximizi yaşatmaqdır. Dilimiz məhv olarsa onunla birlikdə bütöv bir mədəniyyət də məhv olar.
    Ana dilimiz müstəqil respublikamızın dövlət dilidir. Bu dil gözəldir, cazibədardır, şeirlə, ahənglə, musiqi ilə doludur. Məhz bu dilin vasitəsi ilə sevinc və arzularımızı, sevgi və məhəbbətimizi, qəzəb və nifrətimizi bildiririk.
    Dilimizin saflığını və müqəddəsliyini qorumaq, inkişaf etdirmək, yad təsirlərdən qurtarmaq, keşiyində ayıq-sayıq dayanmaq, gələcək nəsillərə ötürmək borcumuzdur.
Bu borcdan hamımıza-mənə də, sənə də dostlarımıza da bütün azərbaycan xalqına pay düşür.

    Ucalır bağçada bülbülün səsi,
    Çay susur, əsməyir çəməndə yel də.
    Nə qədər doğmadır onun nəğməsi
    Bülbül də elə bil ötür bu dildə.

Keçidlər