Şriftin ölçüsü :

Saytın rəngi :

Çərşənbələrin əzəli - Su çərşənbəniz mübarək

24 fevral 2026 | 09:16

Azərbaycan xalqının çoxəsrlik milli-mənəvi dəyərlərini, mədəniyyətini özündə əks etdirən Novruz bayramı qədim tarixə malikdir. Ana təbiətin dirilməsini, yeni ilin, yeni günün gəlməsini müjdələyən bu el  bayramına xalqımız  Kiçik çillə çıxdıqdan sonra, yəni bayrama bir ay qalmış böyük sevgi ilə hazırlaşmağa başlayır. Respublikamızın bəzi bölgələrində isə bu bayrama    hələ fevral ayının ortalarında – qışın ən sərt vaxtında  Kiçik çillənin onuncu günündə  qeyd olunan  Xıdır Nəbi bayramınından sonra  başlanılır. Xalq təqviminə görə iyirmi gün çəkən Kiçik çillənin qurtardığı vaxtdan  Boz ay daxil olur.  Bu  ay  otuz gün- yazın ilk gününə  yəni Novruz bayramına qədər  davam edir. Qış fəslinin axırıncı ayı hesab edilən  Boz ayda havalar dəyişkən –  soyuq, qarlı, küləkli, çiskinli, yağmurlu, mülayim   olduğundan  xalq tərəfindən bu ay “Ağlar-Gülər ayı”, “Ala çillə”, “Bayram ayı” və sair. kimi müxtəlif adlarla da səslənir.

         Boz ayın soyuqluğuna baxmayaraq,Bahar bayramının gəlişi ilə bağlı  təmizlik-abadlıq, səliqə-sahman, bağ-bostan işləri görülür: arxlar, çay kənarları təmizlənərək  qaydaya salınır, toxumlar saf-çürük edilir,evlər tökülərək yenidən yığışdırılır,çərşənbələr üçün kol-kos, odun, taxta yığılıb saxlanır.

        Bu  ayda xalqımız Bahar bayramına qədər böyük təmtəraqla “Doğru çərşənbələr”adlanan  dörd: Su, Od, Yel və Torpaq çərşənbələrini  qeyd edir.

       Bu gün həmin çərşənbələrin ilki sayılan  “Su çərşənbəsi”dir. Bu çərşənbəyə el arasında  “Əzəl çərşənbə”, “Kiçik çərşənbə”, “Sular Novruzu” da deyirlər. Təbii ki, Su çərşənbəsinə  bu adların verilməsi onun məzmunu, mahiyyəti ilə bağlıdır. Məlumdur ki, su dirilikdir, su müqəddəsdir, su təmizliyin, paklığın, sağlamlığın rəmzidir. Bir sözlə, su həyatdır. Tanrının yer üzündə canlılara bəxş etdiyi bu nemətlə ana torpaq canlanır, bar-bərəkət verir. Ulu babalarımız, nənələrimiz Yaradanın bu bəxşişini hər zaman böyük nemət sayıblar. Onlardan bizə su ilə bağlı çoxlu sayda müqəddəs inam və inanclar, andlar, atalar sözləri, məsəllər, deyimlər yadigar qalıb. Ulularımız düşünüblər ki, torpağı canlandıran  məhz sudur. Bu baxımdan ilk çərşənbəyə “Su çərşənbəsi” adının  verilməsi təsadüfü deyildir. Çərşənbələrin hər birində olduğu kimi Su çərşənbəsində də tonqal qalamaq, göyə yanar lopalar atmaq, alovun üzərindən hoppanmaq, bol nemətli bayram süfrəsi açmaq,  şənliklər keçirmək  el adətidir.

Bu çərşənbədə obaşdan dan yeri sökülməmiş qız-gəlinlər, yaşlılar, cavanlar, uşaqlar axar çay, bulaq başına gedərlər. Suya salam verib, salavat çəkərlər, elliklə su başında bayramlaşarlar, bir-birlərini ilk Su çərşənbəsi münasibətilə təbrik edərlər, çərşənbə suyundan içərlər, əl-üzlərini, pal-paltarlarını yuyarlar, boş qablarını doldurarlar.Sonra da həmin sudan gətirib evlərinin künc-bucağına, həyət-bacalarına, meyvə ağaclarına səpərlər. Həmçinin gətirdikləri çərşənbə suyundan evdə xəstə olanlara, niyyəti, arzusu kam olanlara içirdərlər ki, şəfa tapsınlar. İlk çərşənbə suyundan mal-qaralarına, qoyun-quzularına da içirdərlər ki, sağlam olsunlar. Qadınlar ilk çərşənbə suyundan çörək bişirmək üçün maya da (xəmirə) hazırlayarlar ki, illik ruziləri bol olsun.

Su çərşənbəniz mübarək olsun.

Suyunuz axar, qazanınız qaynar, ocağınız yanar  olsun.

 

Xatırladaq ki,  Od çərşənbəsi martın 3-də, Yel çərşənbəsi martın 10-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.

 Azərbaycana yaz fəsli martın 20-də, Bakı vaxtilə saat 18:46 da daxil olacaq.

Keçidlər