Cəbrayıllıların doğma yurdlarına qayıdışı davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir. 26 sentyabr 2024-cü il tarixdə Bakının Qaradağ rayonundan yola salınan ilk köç karvanında respublikamızın müxtəlif ərazilərində - yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 36 ailə 117 məcburi köçkün doğma yurduna qovuşub. 28 sentyabr 2024-cü il tarixdə isə Bakı şəhərindən 18 ailə 56 sakin, Sumqayıt şəhərindən 2ailə 8 sakin,Abşeron rayonundan 2 ailə 6 sakin, Saatlı rayonundan 3 ailə 6 sakin, Biləsuvar rayonunda salınmış Cəbrayıl qəsəbələrindən 16 ailə 48 sakin olmaqla 41 ailə 124 sakin növbəti köç karvanında yola salınıb.
Beləliklə bu günədək Cəbrayıl şəhərinə 77 ailə 241 rayon sakini köçürülərək, daimi məskunlaşmaları təmin edilib. 30 il yurd həsrətində olan Cəbrayıllıların sevincinin həddi-hüdudu yoxdur. Doğma yurdlarına qayıdan şəhər sakinləri Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən torpağını öz canları, qanları bahasına bütövləşdirən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, ölümləri ilə xalqa yeni nəfəs verən şəhidlərimizə rəhmət, sağlamlığını itirmiş qazilərimizə can sağlığı diləyiblər.
Məcburi köçkünlük illərində olduğu kimi bu gün də cəbrayıllılar dövlətimizin hərtərəfli qayğısını öz üzərlərində hiss edirlər.