Cəbrayıllı kümçülərə ipəkqurdu toxumu paylanıb
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. Respublikamızın digər bölgələrində olduğu kimi, Cəbrayıl rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.
Ötən il Cəbrayıl rayonunda 5,6 ton barama istehsal edilib. Bu il isə 4,5 ton yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik stansiyasından barama qurdu gətirilərək kümçülərə təhvil verilib. Rayonun yaşayış məntəqələrində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilib, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanıb.
Rayon ərazisindəki mövcud tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını dəfələrlə artırmağa imkan verir.