Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıldan başlanan Zəfər yolumuz

04 oktyabr 2022 | 09:54

    04 oktyabr 2020-ci il. 1993-cü ilin 23 avqustundan başlanan və 27 ildən artıq davam edən yurd həsrətimizin bitdiyi möhtəşəm bir gün. Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin Cəbrayıl şəhərinin və bir neçə kəndimizin işğaldan azad olunması xəbərini bütün cəbrayıllılar kimi mən də böyük sevinc və sözlə ifadə edə bilməyəcəyim coşqu ilə qarşıladım. Uşaqlığımın və gəncliyimin qaldığı, yuxularımı illərdir ərşə çəkən yurd yerlərimə qovuşmaq müjdəsi idi bu xəbər. Bu xəbər sevincqarışıq göz yaşları ilə yoğrulan, təsəvvürə gətirilməsi mümkünsüz olan doğma, əziz bir hiss idi. Bu yalnız biz cəbrayıllıların deyil, bu gün bir yumruq, bir qəlb olan xalqımızın şadlıq, şadyanalıq hayqırtısıydı. Şad olan günüydü bizlərə əziz olan ruhların. Bu sevincli anlarımızda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqımıza, o cümlədən biz cəbrayıllılara müraciətindən qürur hissi keçirdik. Cənab Prezident illər öncə dəfələrlə qeyd edirdi ki, Qarabağa Böyük Qayıdış Cocuq Mərcanlıdan başlanır. Bu gün böyük bir fəxarətlə qeyd etmək istəyirəm ki, Qarabağda aparılan Vətən müharibəsinin ilk böyük Zəfər müjdəsini də Cəbrayıl torpağından aldıq. Əldə olunan bu böyük Zəfərə addım-addım, həm də əzmlə, qətiyyətlə irəliləyən Ali Baş Komandanımıza, müzəffər Ordumuza təşəkkür edir, şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyir, ölkə rəhbərinin ətrafında daha sıx birləşəcəyimizi və veriləcək bütün əmr və tapşırıqları can-başla yerinə yetirəcəyimizi bəyan edirəm. Qələbəmiz ölkə rəhbərliyi ilə ordu və xalqın birliyindən keçir. Bu birlik isə daimi və sarsılmazdır.
    Cənab Prezidentin xalqa müraciətində dediyi bu sözlər illərdir qəlbimizdə yara bağlamış bir ağrıya, bir nisgilə məlhəm oldu, yurd vüsalı ilə yanıb qovrulan ürəyimizə su çilədi, bizləri məcburi köçkün adının yükündən qurtardı: “Cəbrayıl rayonunun böyük hissəsi işğaldan azad olunub. Uzun müddətdən sonra Cəbrayıl şəhəri işğaldan azad olundu. Cəbrayıl bizimdir...” İşğaldan azad olunmuş kəndlərimiz sırasına Böyük Mərcanlı və Nüzgar kəndlərindən sonra Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl... kəndlərinin də adları əlavə olundu. Kəndlərimizin adlarını qeyd edərkən üç nöqtədən istifadə etdim. Bu da təsadüfü deyil. Şanlı Ordumuz çox sürətlə torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu siyahıya 20 oktyabr tarixdə mənim də doğulduğum, boya-başa çatdığım, uzun illər həsrətində olduğum Daş Veysəlli kəndinin də adı yazıldı...
     İndi hər birimizin ürəyi qurub-yaratmaq eşqi ilə döyünür. İşğaldan azad olunmuş yurd yerlərimizdə geniş bərpa, quruculuq işləri həyata keçirilir. Hər ötən gün bizi Böyük Qayıdışa daha da yaxınlaşdırır. 200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması həm rayonumuzun, həm də bütövlükdə Şərqi Zəngəzur İqtisadi Rayonunun inkişafı yolunda mühüm hadisədir. Bu böyük layihə üçün maliyyə vəsaiti ayrılıb və artıq bu sahədə işlərə başlanılıb. Zəngəzur dəhlizindən keçəcək avtomobil yolunun böyük bir hissəsi Cəbrayıl rayonu ərazisindədir. Horadiz-Ağbənd dəmir yolunun əhəmiyyətli hissəsi də bu rayonun payına düşür və bu sahələrdə də işlər qrafikə uyğun olaraq davam etdirilir.
    Cənab prezident İlham Əliyev ötən müddətdə üç dəfə rayonumuzda olmuş, “KamAz ASC” ilə Gəncə Avtomobil Birliyinin birgə Servis mərkəzinin, Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına 960 yerlik orta məktəb binasının, çoxmənzilli yaşayış binalarının, Memorial Kompleksin təməlini qoymuş, “Cəbrayıl” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinə məxsus kompleksin açılışında iştirak etmişdir.
     Bütün bu görülən və görüləcək işlər inam hissimizi daha da artırır ki, yaxın zamanlarda doğma yurd yerlərimizdə yaşayıb yaratmaq arzumuz reallaşacaq.

 

Keçidlər