Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayılda “Susma! Zorakılığa və narkomaniyaya son qoy!” adlı tədbir keçirilib

16 oktyabr 2023 | 18:00

    16 oktyabr 2023-cü il tarixdə R.Xudiyev adına Minbaşılı kənd tam orta məktəbində “Susma! Zorakılığa və narkomaniyaya son qoy!” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin əməkdaşları, Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin psixoloqları, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
    Tədbirdə çıxış edənlər cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial inkişafa mənfi təsir göstərən, cinayətkarlığın artmasına təkan verən bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumat veriblər. Gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirib və hər bir yeniyetmə gənci bütün əqidəsi və iradəsi ilə narkomaniyaya yox deməyə çağırıblar. Natiqlər məişət zorakılığı haqqında geniş məlumat verib və xüsusi olaraq vurğulayıb ki, narkomanlığa və digər zərərli vərdişlərə düçar olmuş şəxslərin ailələrində məişət zorakılığına daha çox rast gəlinir. Sağlam həyat tərzinin düşmənləri sayılan bu cür neqativ hallar münaqişəli ailələrin əsasını təşkil edir və nəticədə cəmiyyətimiz üçün başağrısına çevrilir. Bildiriblər ki, Azərbaycan Respublikasında həyata keçirilən təsirli tədbirlərə baxmayaraq, məişət zorakılığı dünyanın bir çox ölkələrində olduğu kimi ölkəmizdə də problem olaraq qalmaqdadır. Məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi, bu məqsədlə beynəlxalq standartlara uyğun müvafiq infrastrukturun yaradılması və məişət zorakılığı ilə mübarizə sahəsində dövlət orqanlarının potensialının artırılması tələb olunur. Natiqlər Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın qeyd olunan məqsədlərə nail olmaq üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulayıblar. Qeyd ediblər ki, hər birimiz, bütövlükdə cəmiyyətimiz üçün yeniyetmə-gənclərimizi zərərli vərdişlərə aludə olmaqdan var gücümüz və fəaliyyətimizlə çəkindirməli, onları sağlam ruhda tərbiyə etməliyik.
    Sonda şagirdlərin narkomaniyaya və məişət zoraklığına dair hazırladıqları videoroliklər və səhnəcik nümayiş olunub.

Keçidlər