Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayılda Rayon Ağsaqqallar Şurasının iclası keçirilib

25 oktyabr 2024 | 17:09

    25 oktyabr 2024-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin akt zalında Rayon Ağsaqqallar Şurasının iclası keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov və şöbə müdirləri Rafiq Rzayev, Eldar Quliyev, Rayon Ağsaqqallar Şurasının üzvləri, ağsaqqallar, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə mədəniyyət və istirahət parkında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Ümummilli lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, öz sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ulu Öndər Heydər Əliyevin ağsaqqallarımıza verdiyi dəyərdən söz açan rayon rəhbəri Ümummilli liderin ağsaqqallarımız haqqında söylədiyi “Ağsaqqallarımız milli-mənəvi dəyərlərimizin qızıl fondudur” kimi dəyərli fikrinin hər birimiz üçün örnək olduğunu söyləyib. Ölkəmizdə ağsaqqallara olan qayğının bu gün Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirildiyini bildirib.
    Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov çıxış edərək tədbir iştirakçılarını Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin adından və öz adından salamlayıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. O, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
    Sonra açıq səsvermə yolu ilə Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin yeni tərkibi seçildi. Vaqif Məhərrəmov yenidən Rayon Ağsaqqallar Şurasının sədri, Famil Balayev Təftiş Komissiyasının sədri seçilib. Cəbrayıl Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi qəbul edilib.
   Tədbirdə yenidən Rayon Ağsaqqallar Şurasının sədri seçilən Vaqif Məhərrəmov çıxış edərək, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevə və rayon rəhbərliyinə dərin minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini bildirib.
    Çıxış edən digər natiqlər də Rayon Ağsaqqallar Şurasının sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının yeni seçilən üzvlərini təbrik edib, gələcək işlərində uğurlar arzulayıblar.

Keçidlər