Cəbrayılda Dövlət Müstəqillliyinin bərpası günü münasibəti ilə “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda tədbir keçirilib
17 oktyabr 2023-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin, Rayon Mədəniyyət Mərkəzinin və 14 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində Dövlət Müstəqillliyinin bərpası günü münasibəti ilə “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP fəalları, ictiamiyyət nümayəndələri, mədəniyyət işçiləri, məktəb kollektivləri və şagirdlər iştirak ediblər.
Tədbir dövlət himninin səsləndirilməsi, Ulu Öndərin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Tədbirdə çıxış edənlər bu il 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün otuz ikinci ildönümünün ölkəmizdə torpaqlarımızın tam işğaldan azad edildiyi bir şəraitdə qeyd olunduğunu bildiriblər. Natiqlər vurğulayıblar ki, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev haqlı olaraq azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilib, Ümummilli Lider adını qazanıb. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız bu gün qətiyyətlə irəliləyir, gücünü və qüdrətini durmadan artırır, dahi şəxsiyyətin ideyalarının həmişəyaşar olduğunu bir daha təsdiqləyir.
Sonda Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları musiqili konsert proqramı ilə çıxış ediblər, 14 saylı tam orta məktəbin şagirdlərinin ifasında Vətənimiz Azərbaycana, Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib.