Şriftin ölçüsü :

Saytın rəngi :

“Cəbrayıl şəhidləri” kitabının təqdimat mərasimi keçirilib

16 aprel 2026 | 18:03

16 aprel 2026-cı il tarixdə 1 saylı Cəbrayıl qəsəbə klubunda şairə, publisist,  Dürdanə Qaraşovanın “Cəbrayıl şəhidləri” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri Fəridə İbayeva, Tapdıq Nəsirov, YAP fəalları, mədəniyyət işçiləri, İctimai birliklərin üzvləri, yazarlar, şəhid ailələri, müharibə əlilləri, veteranlar, 8 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, eləcə də Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimində çıxış edənlər qeyd ediblər ki, erməni silahlı birləşmələri Qarabağı, Şərqi Zəngəzuru müharibə ocağına çevirəndə yurdumuzun hər bölgəsindən olduğu kimi, Cəbrayıl rayonunun da yüzlərlə qəhraman övladı bu savaşa atılıb, vətən üçün səfərbər oldular.  Azad və müstəqil olmayan vətəndə azad vətəndaş ola bilməz amalı ilə yaşayan 427 cəsur eloğlularımız bu müharıbədə şəhid olaraq, haqqın dərgahına qovuşdular, yüzlərlə qazilərimiz, yaralı döyüşçülərimiz  öz sağlamlıqlarını itirdilər. Vətən tarixinin ən şanlı səhifələrini öz şəhadətləri ilə yazan bu oğulların  hər birinin keçdiyi  döyüş yolu bir qəhrəmanlıq məktəbidir, hər birini  böyük qürur və iftixar hissi ilə yad edirik. Bizim borcumuz şəhidlərimizin qəhrəmanlıqlarını yazılı tarixə çevirmək, onları yeni nəslə tanıtmaqdır. Bu gün təqdimatına toplaşdığımız Dürdanə Qaraşovanın “Cəbrayıl  şəhidləri” kitabı da məhz bu amalın, bu niyyətin nəticəsidir. Şəhidlərimizin şərəfli döyüş yolunu işıqlandıran, xatirələrinin yaddaşlarda saxlanılması və gənc nəslin vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynayan bu cür kitabların yazılmasının böyük əhəmiyyəti vardır. Yaradıcı  qələm sahibi Dürdanə Qaraşova  son dərəcə  çox kövrək hisslərlə bu kitabda  Vətənini, torpağını canından artıq sevən 337 igid oğullarımızın  harayına səs verərək, onların  həyat hekayələrini əks etdirib, gələcək nəslə örnək olduğunu göstərib.

Mərasimdə iştrak edən şəhid ailələri rayon rəhbərliyinə, kitabın müəllifinə, tədbirin təşkil olunmasında əməyi olan şəxslərə təşəkkür ediblər.

Sonda 8 saylı tam orta məktəbin şagirdlərinin ifasında müəllifin şeirləri səsləndirilib və  “Cəbrayıl şəhidləri” kitabı tədbir iştrakçılarına təqdim olunub.

Keçidlər