Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunun ümumtəhsil məktəblərində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib

16 sentyabr 2024 | 18:04

16 sentyabr  2024-cü il tarixdə rayonun ümumtəhsil məktəblərində yeni tədris ilinin başlanması münasibətilə  tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və aparatın məsul əməkdaşları iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və digər çıxış edənlər təhsil ictimaiyyətini “Bilik günü” münasibəti ilə təbrik edərək xoş arzularını bildiriblər. Qeyd olunub ki, 2024-2025-ci tədris  ili ölkəmizin təhsil sistemində xüsusilə yadda qalacaqdır. Artıq 3-cü ildir ki, işğaldan azad edilmiş ərazilərimizdəki  məktəblərdə zəng çalınır.  Ağalı kəndindən  başlayan zəng bu il Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində, Şuşada, Xocalıda, Cəbrayılda, Sus kəndində, Suqovuşan qəsəbəsində, Kəlbəcərdə eşidiləcəkdir. Bir sözlə bu tədris ilində   bu ərazilərdə 10-a yaxın məktəbin fəaliyyəti təmin olunacaqdır.

 Rayon rəhbəri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın elm və təhsilin inkişafını ölkəmizin davamlı inkişaf strategiyasının ən mühüm istiqamətlərindən biri kimi qiymətləndirmələri və bu yöndə apardıqları ardıcıl dövlət siyasəti respublikamızda bu sahəni müasir dünya standartlarına uyğun inkişaf yoluna çıxarıb. Elm və təhsilə göstərilən bu  diqqət, qayğı rayonumuzun təhsil sistemində də özünü göstərir. 2023-2024-cü tədris ilinin Cəbrayıl rayonu üçün xüsusilə uğurlu oiduğunu döqqətə çatdıran Başçı qeyd edib ki, bu tədris ilində  Fənn olimpiadalarının respublika turunda iştirak edən şagirdlərimizdən 7-i qızıl, gümüş və bürünc medallar qazanaraq böyük nailiyyətlər əldə ediblər.  Ali məktəblərə qəbul imtahanlarında da məzunlarımız  yüksək nəticələr göstərərək fərqləniblər. Rayonumuzun 39 ümumtəhsil məktəbini bitirən 652 məzundan 525-i ali və orta ixtisas məktəblərinə  sənəd verib, onlardan 359-u respublikamızın müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub. Yüksək bal toplayaraq Qarabağ Universitetini seçən abituriyentlər arasında məzunlarımızın olması da xüsusilə qürurvericidir. Vurğulanıb ki, tam orta təhsil bazasından ali və orta ixtisas məktəblərinə 426 məzun qəbul  olunub ki, bu da sənəd verənlərin 79 faizini təşkil edir. Tələbə adını qazanan məzunlardan 30-u 600-dən, 38-i isə 500-dən çox bal toplayıb.

İnanırıq ki, rayonumuzun təhsil işçiləri onlara göstərilən yüksək dövlət qayğısından ruhlanaraq hər il olduğu kimi, builki tədris ilində də yeni-yeni uğurlara imza atacaqlar.

Keçidlər