Cəbrayıl rayonunun ümumtəhsil məktəblərində “Bilik günü” qeyd olunub
15 sentyabr 2025-ci il tarixdə rayonun ümumtəhsil məktəblərində ilk zəng çalınıb, “Bilik günü” qeyd olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və aparatın məsul əməkdaşları iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və digər çıxış edənlər təhsil ictimaiyyətini “Bilik günü” münasibəti ilə təbrik edərək xoş arzularını bildiriblər. Qeyd olunub ki, 2025-2026-cı tədris ili ölkəmizin təhsil sistemində xüsusilə yadda qalacaqdır. Belə ki, üç il əvvəl işğaldan azad olunmuş Ağalı kəndində çalınan zəng səsi Xankəndi, Ağdam, Zəngilan və digər yerlərdə fəaliyyətə başlayan daha 10-a yaxın məktəbdə eşidiləcəkdir, 10-a yaxın məktəbin və 11 bağçanın fəaliyyəti təmin ediləcəkdir. Sevindirici haldır ki, ötən tədris ilində Cəbrayıl şəhərində fəaliyyətə başlayan akad. M.Mehdizadə adına şəhər tam orta məktəblə yanaşı bu il 3 qrupdan ibarət 60 uşaq yerlik 1 nömrəli körpələr evi-uşaq bağçası da fəaliyyətini davam etdirəcəkdir.
2024-2025-ci tədris ilinin Cəbrayıl rayonu üçün xüsusilə uğurlu olduğunu diqqətə çatdıran rayon rəhbəri qeyd edib ki, bu tədris ilində Fənn olimpiadalarının respublika turunda iştirak edən şagirdlərimizdən 11-i qızıl, gümüş və bürünc medallar qazanaraq böyük nailiyyətlər əldə ediblər. Ali məktəblərə qəbul imtahanlarında da məzunlarımız yüksək nəticələr göstəriblər. Rayonumuzun 39 ümumtəhsil məktəbini bitirən 662 məzundan 515-i ali və orta ixtisas məktəblərinə sənəd verib, onlardan 359-u respublikamızın müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub. Qürurverici haldır ki, qəbul olanların 16-sı respublikamızın müxtəlif ali hərbi məktəblərində təhsillərini davam etdirəcəklər. Vurğulanıb ki, tam orta təhsil bazasından ali və orta ixtisas məktəblərinə ümumilikdə 471 məzun qəbul olunub ki, bu da sənəd verənlərin 78 faizini təşkil edir. Tələbə adını qazanan məzunlarımızdan 31-i 600-dən, 49-u isə 500-dən çox bal toplayıb. Əlbəttə ki, qazanılan uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatların, ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın təhsil müəssisələrinin yenilənməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsidir.
Ümid edirik ki, rayonumuzun təhsil işçiləri onlara göstərilən yüksək dövlət qayğısından ruhlanaraq builki tədris ilində də yeni-yeni uğurlara imza atacaqlar.






