Cəbrayıl rayonunun ümumtəhsil məktəblərində “Bilik günü” qeyd olunub
Sentyabrın 15-də Cəbrayıl rayonunun ümumtəhsil məktəblərində yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və aparatın məsul əməkdaşları iştirak ediblər.
“Bilik günü”nün qeyd olunması ilə əlaqədar keçirilən tədbirdə çıxış edənlər rayonumuzun təhsil işçilərini və şagirdləri təbrik edərək, uğurlar diləyiblər. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Möhtərəm İlham Əliyevin ölkədə elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlaması, göstərdiyi qayğı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr Ulu Öndər Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamıdır. Ölkə başçısı təhsili dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi həmişə dəyərləndirib. Məhz bu xoş missiyanın nəticəsidir ki, Respublikamızda son illərdə məktəb tikintisi geniş vüsət alıb. Ölkəmizin ən ucqar bölgələrində belə yeni tipli məktəblərin tikilməsi, əsaslı təmiri, ən yüksək bal toplayan gənclərə Prezident təqaüdünün, istedadlı gənclərə fəxri təqaüdlərin verilməsi bunu bir daha sübut edir.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun, vətənpərvər və qəhrəman oğullarımızın sayəsində işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, xüsusilə orta məktəblərin açılışı və tikintisi çox ürəkaçandır. Sevindirici haldır ki, bu tədris ilində işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən 6 məktəb “Bilik günü”nü qeyd edir. Əlbəttə bu Ali Baş Komandanımızın, ordumuzun, qazi və şəhidlərimizin qəhrəmanlığının nəticəsidir.
Qeyd olunub ki, ötən tədris ilində rayonun təhsil sahəsində böyük nailiyyətlər əldə olunub. Ümumtəhsil məktəblərini bitirən 624 məzundan 357-si respublikamızın müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub.
Tədbir şagirdlərin hazırladıqları bədii kompozisiyalar, şerlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslərlə davam etdirilib.