Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunun tarixi-memarlıq abidələrindən olan Sultan Allahverdi hamamı və ya Sultan Məcid hamamı

05 avqust 2026 | 15:54

      Cəbrayıl şəhərində yerləşən Sultan Allahverdi hamamı və ya Sultan Məcid hamamı yerli əhəmiyyətli qədim memarlıq abidəsidir. Bu tarixi abidə Cəbrayıl rayonunun zəngin mədəni irsinin və qədim elmi-tarixi ənənələrinin mühüm hissələrindən biri hesab olunur.
     XIX əsrə aid Sultan Allahverdi hamamı XX əsrin əvvəllərinə kimi fəaliyyət göstərmiş və Naxçıvan-Marağa memarlıq məktəbinin xüsusiyyətlərini özündə daşıyan hamam yalnız şəhər yox, həm də ətraf kəndlərin əhalisi tərəfindən istifadə olunmuşdur. Rayon mərkəzindəki qədim tikililərdən biri olub. Ənənəvi Azərbaycan memarlıq üslubunda, yerli tikinti materiallarından istifadə edilməklə inşa olunub. Cəbrayıl bölgəsinin qədim yaşayış məskəni kimi tarixini əks etdirən mədəniyyət nümunələrindən biridir. Sultan Allahverdi hamamı, yerli əhali arasında Soltan Məcid hamamı da adlandırılır.
      Hamamın əksər hissəsinin dağılmasına baxmayaraq onun strukturunu müəyyən etmək mümkündür. Hamam planda düzbucaqlı formaya malikdir. Planın mərkəzi səkkizguşəli günbəzli zaldan ibarətdir.
      1993-cü ildə Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində digər maddi-mədəniyyət abidələrimiz kimi, şəhər mərkəzindəki əsas memarlıq abidələrindən biri olan XIX əsrə aid Sultan Allahverdi hamamı (Sultan Məcid hamamı) da mənfur düşmən tərəfindən dağıntılara məruz qalmış və məhv edilmişdir. Sultan Məcid hamamı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır.
    Bu gün digər tarixi abidlərimiz kimi Sultan Allahverdi hamamı (Sultan Məcid hamamı) təkcə tarixi-memarlıq abidəsi deyil, həm də Azərbaycan dövlətçiliyinin, mədəni irsinin və milli yaddaşının rəmzlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır.

Keçidlər